Qazilərin hüquqları

Naxçıvan şəhər sakini, İkinci Qarabağ müharibəsinin iştirakçısı Pərviz Muradovun ona çatmalı olan kompensasiyaları ala bilmədiyinə görə iki dəfə özünə qəsd etməyə cəhd etdiyi bildirilir. Bu barədə “Meydan TV”yə qazinin yaxınları məlumat verib.

Yaxınlarına görə, ehtiyatda olan baş gizir, III qrup müharibə əlili, 1992-ci il təvəllüdlü Pərviz Muradov oktyabrın 29-da özünə xəsarət yetirib və xəstəxanaya aparılıb. Noyabrın 4-də onun yenidən cəhd etdiyi, polisin müdaxiləsi ilə bunun qarşısının alındığı deyilir.

Muradov uzun illər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. O, ehtiyata buraxılanda verilməli olan birdəfəlik kompensasiyanı, eləcə də kəşfiyyat və əks-kəşfiyyat qurumlarının hərbçiləri üçün nəzərdə tutulan ödənişləri ala bilmədiyindən şikayətçidir. Söhbət təxminən 50 min manatdan gedir. Onun Müdafiə Nazirliyinə dəfələrlə yazılı və şifahi müraciət etdiyi deyilir. Muradova verilən cavabda onun Naxçıvandan Bakıya göndərilməsi zamanı sənədləşmədə səhlənkarlığa yol verildiyi, xidmət yerinin dəyişdirilməsinin əmrlə rəsmiləşdirilmədiyi bildirilib.

Müdafiə Nazirliyi Muradovun şikayəti ilə bağlı hələlik açıqlama verməyib. 2020-ci il müharibəsindən sonra qazilər arasında intihar və intihara cəhd halları dəfələrlə qeydə alınıb, bu hadisələr kompensasiyaların ödənilməsi, əlillik statusu və psixoloji yardımla bağlı problemləri gündəmə gətirib.

Leave A Reply