İxtisar

“Meydan TV”nin yazdığına görə, bu ilin əvvəlindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki yol istismar idarələrinin ləğvinə başlanılıb. Son olaraq “Vergilər.az” portalında 25 idarənin ləğvi barədə elan yerləşdirilib: onların 21-i adi, 2-si xüsusi təyinatlı idarə, 2-si isə magistral yolların tikintisinə cavabdeh MMC-dir. Bir neçə ay əvvəl daha 42 idarənin ləğvi elan olunmuşdu.

Bununla da ilin əvvəlindən agentliyin 67 idarəsinin ləğvi barədə qərar verilib. Yolların yaşıllaşdırılması ilə məşğul olanlar da daxil olmaqla AAYDA-nın 85-dən çox idarəsi var idi, qalanlarının da ilin sonunadək ləğv ediləcəyi gözlənilir. Struktur dəyişikliyi ilə bağlı rəsmi açıqlama verilməyib, ekspertlər isə yerli idarələrin yerinə regional idarələrin yaradılacağını bildirirlər.

Agentliyin son hesabatına görə, 2024-cü ildə orada 13 719 nəfər çalışıb, bu, bir il əvvəlkindən 904 nəfər azdır. “Meydan TV” yazır ki, ötən ildən idarələrdə işçilərin 10-30%-nin ixtisar edildiyi bildirilir. Məsələn, “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-də işçilərə məcburi qaydada ərizə yazdırıldığı və 80 nəfərin işdən çıxarıldığı deyilir.

AAYDA kütləvi ixtisar barədə iddiaları təkzib edib. Agentlik yerli mediaya bildirib ki, kadr məsələləri əmək qanunvericiliyinə və daxili normativ sənədlərə uyğun tənzimlənir.

Leave A Reply