Siyasi təzyiq iddiası

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli bacısı oğlu Aqil Əliyevin Biləsuvar Rayon Polis Şöbəsində saxlanıldığını və döyüldüyünü iddia edib. O, bu barədə noyabrın 6-da sosial şəbəkə hesabında yazıb.

Həsənlinin sözlərinə görə, bir qrup polis əməkdaşı Biləsuvarda idman zalına gəlib Aqil Əliyevi polis şöbəsinə aparıb. Orada ondan televiziyada həbsdəki Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin və dayısı Cəmil Həsənlinin əleyhinə çıxış etməsini istəyiblər. Həsənli yazıb: “Görünür, bunlar Əli bəyin məhkəməsi dövründə ona qarşı ‘ümummilli’ kampaniya hazırlayırlar”.

Həsənlinin iddiasına görə, Əliyev bundan imtina edəndən sonra Biləsuvar Rayon Polis Şöbəsinin rəisi Nəsib Məmmədovun göstərişi ilə döyülüb və iki qızı ilə hədələnib, avtomobili şöbədə saxlanılıb: “Bütün gecəni polis şöbəsində döyülən Aqilin bədəni qançırlardan ibarətdir”. Həsənli deyir ki, bir neçə il əvvəl Aqilin toyu ərəfəsində də polis ondan dayısının toya gəlməməsini tələb edib.

Daxili İşlər Nazirliyi və Biləsuvar polisi iddia ilə bağlı hələlik açıqlama verməyib. Həsənli baş verənləri Əli Kərimlinin məhkəmə prosesi ərəfəsində ona və yaxınlarına qarşı aparılan kampaniyanın bir hissəsi adlandırıb.

Leave A Reply