Finlandiya, Rusiya
Finlandiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarının ölkəyə girişinə yeni məhdudiyyətlər hazırlayır. “Interfax”ın Finlandiyanın “Yle” və “MTV” kanallarına istinadla yazdığına görə, məsələni noyabrın 6-da prezident Aleksandr Stubb və hökumətin xarici siyasət və təhlükəsizlik komitəsi müzakirə edib.
Baş nazir Petteri Orpo deyib ki, yeni məhdudiyyətlər rusiyalı idmançıların ölkəyə buraxılmamasını əhatə edə bilər. Orponun fikrincə, rusları “ümumiyyətlə Finlandiyaya buraxmamaq” daha sadə olardı. O, girişə məhdudiyyətlərin 2022-ci ilin fevralından mərhələli genişləndiyini xatırladıb və yeni qərarın qısa müddətdə veriləcəyini bildirib. Xarici işlər naziri Elina Valtonen X-də yazıb ki, nazirlik rusların girişi barədə hökumət qərarına sürətlə dəyişiklik edilməsi üçün təklif hazırlayır.
“Yle” qeyd edir ki, gələn həftə Helsinkidə rusiyalı oyunçuların da çıxış edəcəyi iki NHL oyunu keçiriləcək. Noyabrın 20-21-də Helsinkidə fiqurlu konkisürmə yarışları, noyabrın 27-29-da isə Rukada xizək üzrə dünya kuboku mərhələsi olacaq, orada da rusiyalı idmançıların iştirakı gözlənilir. Finlandiya 2023-cü ildən Rusiya ilə quru sərhədini bağlı saxlayır.


