Avropa

Avropada bu həftə sərnişin təyyarələrinə gələn saxta bomba təhdidləri noyabrın 6-da media qurumlarına da yayılıb. BBC-nin yazdığına görə, İrlandiyanın ictimai yayımçısı RTÉ əməkdaşlarını binadan təxliyə edib, “Irish Independent” qəzetinin və Dublindəki bir neçə radionun işçilərinə də binanı tərk etmək tövsiyə olunub. Britaniyanın “Sky” telekanalı da təhlükəsizlik təhdidi aldığını açıqlayıb.

“Reuters” agentliyinin yazdığına görə, RTÉ və Bolqarıstanın “Nova TV” kanalı “Mixail Andropov” adından “Qərbə mesaj” başlıqlı elektron məktub alıb. Məktubda binada 45 dəqiqəyə partlayacaq bomba olduğu deyilir: “Amma bu, yalnız başlanğıcdır. Bu həftə baş verənlər yaxın gələcəkdə Avropanı gözləyənlərin kiçik bir hissəsidir”. RTÉ üç saat efirdə musiqi və əvvəlcədən yazılmış materiallar verib, “Nova TV”nin binası boşaldılıb. Heç bir redaksiyada bomba tapılmayıb. “Financial Times”ın yazdığına görə, məktub müəllifləri təyyarələrə, kruiz gəmilərinə, metro stansiyalarına və qatarlara hücumla da hədələyib.

Həmin gün Lissabon, Roma, Praqa və Sofiyaya uçan və oradan qalxan reyslərə də yeni təhdidlər gəlib. Bolqarıstan Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin MiQ-29 qırıcıları London və Brüsseldən gələn, göyərtəsində partlayıcı olduğu bildirilən iki sərnişin təyyarəsini Sofiyaya qədər müşayiət edib, yoxlamada şübhəli əşya tapılmayıb. Macarıstanın müdafiə naziri Romulus Ruszin-Sendi isə üç təyyarənin Macarıstan qırıcılarının müşayiəti ilə uçduğunu, NATO-nun Macarıstan-Rumıniya sərhədi yaxınlığında hava patrulu təyin etdiyini deyib. Çexiya polisi Praqa reyslərinə doqquz təhdid qeydə alıb.

Bu, həftə ərzində üçüncü dalğadır: BBC-yə görə, ondan əvvəl təxminən 30 təyyarə və bir neçə hava limanı təhdidlərdən təsirlənib, bəzi reyslər başqa ölkələrdə təcili eniş edib. Heç bir təyyarədə partlayıcı tapılmayıb. İrlandiya hökuməti bunun “ehtimal ki, koordinasiyalı pozuculuq kampaniyası” olduğunu bildirib, amma kimin arxada durduğunun bilinmədiyini deyib. Avropa ölkələrinin hakimiyyəti hələlik heç kimi rəsmi olaraq günahlandırmayıb.

“Reuters” qeyd edir ki, məktublardakı soyad keçmiş Sovet İKP MK-nın Baş katibi Yuri Andropovun soyadı ilə eynidir. İrlandiyanın Baş naziri Mixol Martin deyib ki, Avropa xüsusi xidmətləri media qurumlarına və aviareyslərə gələn təhdidlərin koordinasiyalı hücumun hissəsi olub-olmadığını hələlik müəyyən etməyib. Onun sözlərinə görə, baş verənlər cəmiyyətin normal işini pozmağın, xaos və qorxu yaratmağın nə qədər asan olduğunu göstərir. DW-nin yazdığına görə, təhdidlər üzündən “Aer Lingus”un Dublin-Roma reysi Fransaya yönləndirilib və Parisdən təxminən 100 kilometr aralıdakı hərbi aerodroma endirilib.

“Financial Times”ın yazdığına görə, Avropa xüsusi xidmətləri təhdidlərin arxasında Rusiyanın olub-olmadığını araşdırır, bəzi kəşfiyyat rəsmiləri Rusiyanı ən ehtimal olunan təşkilatçı sayır, amma günahkarları müəyyən etməkdən hələ uzaqdırlar. Araşdırılan versiyalardan birinə görə, məktubları Kremlyönlü fəallar və ya haker qrupları göndərə bilər, Rusiya xüsusi xidmətlərinin rolu isə bəlli deyil. Qəzetin yazdığına görə, məktubların bir hissəsi müəllif göstərilmədən, müxtəlif yerlərdən və alanın dilində göndərilib, onlardan biri Kolumbiyaya qədər izlənib.

Bəzi məktublar Rusiyadakı “Kişi dövləti” hərəkatının adından göndərilib. Hərəkatın qurucusu Vladislav Pozdnyakov isə təhdidlərə aidiyyəti olmadığını, hərəkatın 2021-ci ildən mövcud olmadığını deyib. Latviyanın keçmiş daxili işlər naziri Mariya Qolubeva DW-yə müsahibəsində baş verənləri “Aİ-yə qarşı kampaniya” adlandırıb.

Fransa prokurorluğu da Avropada bu həftə onlarla sərnişin təyyarəsinə gələn saxta bomba təhdidləri ilə bağlı araşdırma başladıb. “France 24”ün AFP-yə istinadla yazdığına görə, Paris prokurorluğu yalan məlumat yayan elektron məktubların müəlliflərini tapmağa və onların “xarici dövlətlərlə” mümkün əlaqəsini müəyyən etməyə çalışır. Məktubların bəziləri Rusiyadakı radikal qadın düşməni qrupun adı ilə eyni olan “Kişi Dövlətinin döyüşçüləri” imzası ilə gəlib, amma AFP bu əlaqəni təsdiqləməyib, qrupun qurucusu Vladislav Pozdnyakov isə hərəkatın 2021-ci ildən mövcud olmadığını deyərək iştirakı inkar edib.

Leave A Reply