Avropa təhlükəsizliyi
“Financial Times” mənbələrə istinadla yazır ki, Avropa ölkələri ABŞ-nin Rusiya və NATO müttəfiqləri ilə razılaşma əsasında Avropada yeni təhlükəsizlik sistemi qurmaq istəyindən narahatdır. Qəzetə danışan Avropa Komissiyasının adı açıqlanmayan nümayəndəsi deyib: “Öz təhlükəsizliyi barədə qərarları Avropa İttifaqı verir”.
Avropalı rəsmilərdən biri Trampın xüsusi elçisi Cared Kuşnerin bu barədə açıqlamalarını “tam sürpriz” adlandırıb. “Ukraynada müharibə davam etdiyi müddətdə Avropa təhlükəsizliyi barədə heç bir danışıq olmayacaq”, - deyə o bildirib. Rəsminin sözlərinə görə, NATO-nun gələcəyi və alyansın bölgədəki hərbi varlığının azaldılması da müzakirə mövzusu deyil. “Bütün bu danışıqlar sistemsiz, tələsik və xaotikdir. Müzakirə etdiyimiz bir sənəd və ya sənəd layihəsi yoxdur”, - deyə o əlavə edib.
Başqa bir avropalı rəsmi qəzetə deyib ki, Avropanın təhlükəsizlik arxitekturası barədə danışıqlar haqqında bütün söhbətlərin məqsədi Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidəki danışıqlardan əvvəl dialoqda uğur göstərməkdir. Bu danışıqların noyabrın 10-da başlaması gözlənilir.
Kuşner bundan əvvəl X-də Avropa üçün daha geniş təhlükəsizlik çərçivəsinin beş məqsədini açıqlamışdı: daimi təhlükəsizlik məsləhətləşmələri, böhran vaxtı etibarlı rabitə, hərbi məsələlərdə daha çox şəffaflıq, gərginliyin artması riskini azaldan addımlar və uzunmüddətli təhlükəsizlik üçün dayanıqlı əsas. Onun yazdığına görə, NATO Avropanın kollektiv müdafiəsinin mərkəzində qalacaq. “Biz Rusiyanı da sülh danışıqlarına cəlb edəcəyik”, - deyə Kuşner yazıb.
“Politico”nun yazdığına görə, NATO müttəfiqləri ABŞ-nin planları barədə əvvəlcədən məlumatlandırılmayıb və Avropa paytaxtlarında təklifə skeptik yanaşırlar. Nəşrin mənbəsinin sözlərinə görə, Avropada üstünlük təşkil edən fikir budur ki, indi Rusiya ilə gələcək təhlükəsizlik arxitekturası barədə istənilən müzakirədən Moskva yalnız öz arqumentlərini leqallaşdırmaq üçün istifadə edəcək. Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas isə “n-tv” telekanalına deyib ki, Ukrayna ilə Rusiyanın nə vaxt və necə sülh sazişi bağlayacağını demək mümkün deyil, amma istənilən sazişin həyata keçirilməsi Avropa İttifaqının iştirakını tələb edəcək.
Ukrayna prezidenti Volodimir Zelenski də CNN-ə müsahibəsində planın həm Avropa, həm də Ukrayna üçün risk daşıdığını deyib. Onun sözlərinə görə, Rusiya müharibəni necə bitirmək barədə danışmaq istəmir və Avropada yeni təhlükəsizlik arxitekturasından başlamaq istəyir, bu isə təhlükəlidir. Zelenski ikinci Yalta konfransı istəmədiklərini və Rusiyanın Avropanı bölməsinə yol verməyəcəklərini də deyib.


