İşğal olunmuş İordan çayının qərb sahili
BMT işğal olunmuş İordan çayının qərb sahilindəki Yerixon şəhərində israilli köçkünlərin fələstinlilərə məxsus səkkiz evi zəbt etməsini pisləyib. BMT Baş katibinin sözçüsü Stefan Dücarrik deyib ki, köçkünlər noyabrın 4-də “canlı atəş açıb”, fələstinli sakinləri döyüb və daş atıblar, ailələr təhlükəsizlikləri üçün qaçmağa məcbur olub.
Dücarrikin sözlərinə görə, evlərindən didərgin düşənlərin bir hissəsinin indi lazımi sığınacağı yoxdur. İsrail ordusu isə ərazini qapalı hərbi zona elan edib və humanitar işçilərin zərərçəkənlərə çatmasına imkan vermir. “Biz İsrail köçkünlərinin bütün bu zorakı hərəkətlərini bir daha pisləyirik”, - deyə o bildirib.
İsraildəki “Peace Now” təşkilatının yazdığına görə, təxminən 30 köçkün Yerixonun kənarındakı Eyn əd-Düyuk ət-Tahta məhəlləsinə gəlib. Təşkilatın aldığı məlumata görə, onlar zəbt zamanı iki israilli fəala hücum edib, onları qarət ediblər və bir fələstinlini ayağından güllələyiblər.
“Al Jazeera”nın AFP-yə istinadla yazdığına görə, köçkünlər evləri qanuni yolla aldıqlarını iddia edir. Köçkünlərin nümayəndəsi Hanan Qrinvud evləri sağçı “Naxala” təşkilatının aldığını deyib. Bu təşkilat qərb sahilində yeni məskənlərin salınmasını maliyyələşdirir və ərazinin İsrailə birləşdirilməsi üçün kampaniya aparır. Yerixon bölgəsinin qubernatoru Hüseyn Həmayil isə torpağın Fələstin Muxtariyyətinə məxsus olduğunu və satıla bilməyəcəyini deyib: “Burada satış yox, saxtakarlıq var”. İsrail 1967-ci ildən qərb sahilini işğal altında saxlayır, oradakı məskənlərdə 500 mindən çox israilli yaşayır, beynəlxalq hüquqa görə bu məskənlər qanunsuzdur.
Həmin gün İsrail qüvvələri Hebrondakı İbrahimi məscidini yəhudi bayramına görə fələstinli dindarların üzünə bağlayıb. Fələstinin Vəqflər Nazirliyinin bildirdiyinə görə, dindarlar və məscid işçiləri içəri buraxılmayıb, azan dayandırılıb. Bağlanma şənbə gecə saat 22:00-a qədər davam edəcək. Bu, İsrail qüvvələrinin Hebronda 10 günlük mühasirəni bitirməsindən bir neçə gün sonra olur: “Al Jazeera”ya görə, mühasirə zamanı yüzlərlə adam saxlanılıb, 15 ev sökülüb, 3300-dən çox fələstinli didərgin düşüb.


