ABŞ-Çin-İran
ABŞ-nin maliyyə naziri Skott Bessent prezident Donald Trampın razılığı ilə Çindən İranla müharibəni bitirməyə kömək etməyi istəyib, Pekin isə Vaşinqtonun mesajını Tehrana çatdırıb. Bunu “The Washington Post”un köşə yazarı Devid İqnatius işdən xəbərdar ABŞ rəsmisinə istinadla yazıb. Qəzetin yazdığına görə, müraciət respublikaçıların noyabrın 3-dəki aralıq seçkilərdə ağır məğlubiyyətindən sonra edilib. Tramp və vitse-prezident Cey Di Vens bu məğlubiyyəti açıq şəkildə İran müharibəsi ilə əlaqələndiriblər.
“The Times of Israel”in yazının məzmununa istinadla verdiyi məlumata görə, Ağ Ev ilə Tehran arasında vasitəçilik edən qətərli rəsmi Əli əs-Səvadi İran rəhbərlərinin ABŞ seçkilərinin nəticələrinin Vaşinqtonun yanaşmasını dəyişib-dəyişməyəcəyini gözlədiyini deyib. Yazıda həmçinin bildirilir ki, müharibəni bitirmək üçün diplomatik səylərdə əsas rolu Vens oynayır. Ağ Ev, ABŞ Maliyyə Nazirliyi və Pekin xəbərə hələlik münasibət bildirməyib.
Çin İran neftinin ən böyük alıcısıdır və Tehrana təsir imkanları var. Bessent bu il bir neçə dəfə Pekini İrana təzyiq göstərməyə çağırıb: mayda Dövlət katibi Marko Rubio ilə birlikdə Çini İranı razılaşmaya təşviq etməyə çağırmışdı, avqustda İrana “tarixin ən sərt” sanksiyalarını elan edəndə də Çini əməkdaşlığa dəvət etmişdi. Pekin isə məsələnin siyasi və diplomatik yolla həll olunmalı olduğunu deyirdi.


