Rusiya, senzura
Rusiyanın kommunikasiyalara nəzarət qurumu Roskomnadzor müstəqil “Dojd” telekanalının Telegram hesabının, eləcə də YouTube və TikTok kanallarının bloklanmasını tələb edib. Bunu telekanalın özü açıqlayıb. Qurum bildirişlərini həmin sosial şəbəkələrin şikayətlərə baxan xidmətlərinə və telekanalın redaksiyasına göndərib.
Roskomnadzorun məktubunda deyilir ki, tələb Rusiya Ədliyyə Nazirliyindən gəlib, səbəb “Dojd”un “xarici agentlər” haqqında qanunu pozmasıdır. Sənədə görə, əsas hesablardan başqa, kanalın iki YouTube layihəsi, “Drama Queens” və “Dojd. Hekayələr” də bloklanmalıdır.
Rusiya Ədliyyə Nazirliyi “Dojd”u 2021-ci ilin avqustunda “xarici agent” elan edib. 2022-ci ilin martında, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Roskomnadzor Baş Prokurorluğun tələbi ilə telekanalın saytını Rusiyada bloklayıb. “Dojd” bundan sonra bir neçə ay yayımını dayandırıb, 2022-ci ilin iyulunda Avropada yenidən işə başlayıb. YouTube kanalı onun Rusiyadakı izləyicilərə çatdığı əsas yollardandır.


