Ukrayna
Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov dövlət dili haqqında qanunu pozduğunu etiraf edib və cərimə ödəməyə razılaşıb. Bunu Ukraynanın dövlət dilinin müdafiəsi üzrə müvəkkili Olena İvanovska Facebook-da yazıb. Onun sözlərinə görə, Budanov qanun pozuntusunu “bəraət axtarmadan” qəbul edib və qanunla nəzərdə tutulmuş cəriməni vaxtında ödəyəcək. Cərimə 3 400 ilə 6 800 qrivna (təxminən 80-160 dollar) arasındadır.
Pozuntu noyabrın 2-də Kiyev yaxınlığındakı Petropavlivska-Borşçahivka qəsəbəsində baş verib. Həmin gün qəsəbədə bir evdə zorla səfərbər edilən kişilərə “işgəncə verildiyi” barədə iddia yayılandan sonra yerli sakinlərlə hüquq-mühafizə orqanları arasında toqquşmalar olub. Budanov hadisə yerinə gəlib və toplaşanlarla rus dilində danışıb. O, evin “Azov” briqadası tərəfindən fərariləri saxlamaq üçün istifadə olunduğunu demişdi, sonradan “işgəncə” iddiasını yayan qadın saxta feldşer kimi həbs edilib.
Ukraynada 2019-cu ildə qəbul edilən qanun dövlət qulluqçularının işdə ukrayna dilindən istifadəsini məcburi edir. Budanov keçmiş hərbi kəşfiyyat rəhbəridir, gələn həftə Əbu-Dabidə Rusiya və ABŞ ilə üçtərəfli danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək.


