Həbs
Sabunçu Rayon Məhkəməsi “Səda TV” internet kanalının rəhbəri Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. APA-nın yazdığına görə, ona Cinayət Məcəlləsinin 221.2-ci (ağırlaşdırıcı hallarda xuliqanlıq) və 188.1-ci (torpaq sahəsini özbaşına tutma) maddələri ilə ittiham irəli sürülüb. İttihamın hansı hadisə ilə bağlı olduğu və Şükürovun mövqeyi hələlik bəlli deyil.
Şükürov 2022-ci ilin sentyabrında da həbs edilmişdi. Baş Prokurorluq o vaxt onu nüfuz alverində ittiham edib: istintaqın iddiasına görə, o, daşınmaz əmlakla bağlı sənədin rəsmiləşdirilməsinə kanalın imkanları ilə təsir göstərmək üçün vasitəçidən 50 min manat alıb. Bu iş “Xural TV” internet kanalının rəhbəri Avaz Zeynallı və vəkil Elçin Sadıqovun işi araşdırılarkən ortaya çıxıb.
“Turan” agentliyinin yazdığına görə, 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Zeynallını 9 il, Şükürovu 4 il həbs cəzasına məhkum edib, hər ikisi son sözlərində ittihamları qəbul etməyib, müdafiə onlara bəraət verilməsini istəyib. APA isə Şükürovun rüşvət və dələduzluğa görə 3 il həbs cəzası aldığını və ötən il azadlığa çıxdığını yazır. “Jurnalistlər üçün Ədalət” fondu jurnalistlərə qarşı təqib hallarının xəritəsində Şükürovun əvvəlki işini qeydə alıb.


