İran müxalifəti

İranın son şahının oğlu, müxalifətin ən tanınmış simalarından olan Rza Pəhləvi noyabrın 7-də Frankfurtda Almaniyanın Azadlıq Mükafatını İran xalqı adından qəbul edib. “Iran International”ın yazdığına görə, mükafatı Almaniyanın liberal Azad Demokrat Partiyasına bağlı Fridrix Naumann Azadlıq Fondu 2006-cı ildən iki ildə bir verir və o, ilk dəfə bir şəxsə yox, xalqa verilib. Fondun sədri Ştefan Zebiş deyib ki, mükafat “heç bir qrupa, partiyaya və ya şəxsə yox, xalqa, İran millətinə” verilir. Mərasim zamanı şəhərdə on minlərlə iranlı aksiya keçirib.

Pəhləvi mükafatı sahib kimi yox, “əmanətçi” kimi saxlayacağını, onu bir gün Tehranda iranlıların azad seçdiyi nümayəndələrə təhvil verəcəyini deyib: “47 ildir İran sahibləri öz evindən kənarda qalan və ya içəridə əsir saxlanılan bir ev kimidir. Açarlar 1979-cu ildə xalqdan alınıb”. O, Almaniyanın ilk seçilmiş parlamentinin 1848-ci ildə toplandığı Müqəddəs Pavel kilsəsindəki çıxışında yanvarda öldürülənlərin salonda olan ailələrini ayağa qalxmağa dəvət edib.

Pəhləvi İran rəhbərliyinə hərbi təzyiqi dəstəklədiyini də müdafiə edib, bu mövqe müxalifəti parçalayıb. Onun sözlərinə görə, silahsız xalqdan hədsiz öldürməyə hazır dövləti çılpaq əllə məğlub etməyi istəmək olmaz, amma hədəf yalnız Keşikçilər Korpusu və xalqa atəş açan aparat olmalı, mülki şəxslər və infrastruktur qorunmalıdır. O, gələcək İran üçün dörd prinsip sadalayıb: ölkənin ərazi bütövlüyü, dilindən, mənşəyindən və inancından asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqları, dünyəvi dövlət və idarəetmə formasını seçkidə xalqın özünün seçməsi.

Pəhləvi Almaniyadan üç şey istəyib: Koblenzdəki məhkəmənin suriyalı işgəncəçiləri mühakimə etdiyi kimi yanvar cinayətlərini də mühakimə etmək, iranlıların internetə çıxışını qorumağa kömək etmək və İranda hakimiyyəti saxlayan heç bir sazişə getməmək. Bu həftə Belçikanın müdafiə naziri İranın Pəhləvinin Brüsseldəki çıxışına görə “ağır nəticələr”lə hədələdiyini demişdi.

Leave A Reply