İsrail-İran

İsrailin “Channel 12” telekanalı noyabrın 6-da xəbər verib ki, Baş nazir Binyamin Netanyahu və “Mossad” kəşfiyyat xidmətinin rəhbəri oktyabrın 27-dəki parlament seçkiləri ərəfəsində İrana qarşı əməliyyat planlaşdırıblar. Kanalın iddiasına görə, təhlükəsizlik sisteminin digər rəhbərləri buna etiraz edib, çünki əməliyyat gərginliyin artmasına və seçkilərin təxirə salınmasına səbəb ola bilərdi. Planlaşdırma israilli əməkdaşın səhvi üzündən Vaşinqton bundan xəbər tutana qədər davam edib, ABŞ planı dayandırmağa çalışıb və əməliyyatdan imtina edilib.

“Iran International”ın yazdığına görə, kanal reportajın mənbəsini göstərməyib, material hərbi senzura altında yayımlanıb, əməliyyatın nədən ibarət olduğu açıqlanmayıb. Baş nazirin ofisi xəbəri təkzib edib: “Baş nazir özü vaxtında aydınlaşdırıb ki, İsrail seçkilərindən əvvəl hücum gündəmdə deyildi”.

Bu, seçki həftəsindəki oxşar xəbərlərin davamıdır. Seçkidən iki gün əvvəl “Channel 12” Netanyahu ilə Baş Qərargah rəisi Eyal Zamir arasında İranla bağlı açıqlanmayan bir tapşırığa görə “görünməmiş qarşıdurma” olduğunu yazmışdı: Zamir əlavə müzakirə və imzalı hüquqi icazə tələb edib. “The New York Times” üç yüksək vəzifəli müdafiə rəsmisinə istinadla Netanyahunun həftələrlə İrana yeni hava zərbəsi təşkil etməyə çalışdığını, amma Zamirin buna mane olduğunu yazıb. CNN isə Netanyahunun Trampdan seçkidən əvvəl birgə zərbəyə razılıq istədiyini, Trampın isə imtina etdiyini xəbər verib. Netanyahu o vaxt bu xəbərləri “cəfəngiyat” adlandırmışdı.

Keçmiş Baş nazir Ehud Barak noyabrın 5-də deyib ki, Netanyahu Baş Qərargah rəisindən xəbərsiz “Mossad” vasitəsilə “təxribat” planlaşdırırdı. “Channel 12” bu həftə həmçinin yazıb ki, Netanyahu Trampı ABŞ-dəki aralıq seçkilərdən dərhal sonra İranla müharibəni bərpa etməyə çağırıb, Tramp isə Qətərin vasitəçiliyi ilə gedən danışıqlara daha çox vaxt vermək istəyib.

Leave A Reply