Konqo Demokratik Respublikası

Konqo Demokratik Respublikasının şərqində, Şimali Kivu əyalətindəki Kantin kəndinə gecə hücumu zamanı ən azı 33 nəfər öldürülüb. “Al Jazeera”nın AP və “Reuters” agentliklərinə istinadla yazdığına görə, kənd Beni şəhərindən təxminən 50 kilometr qərbdə yerləşir. Yerli vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Castin Paluku deyib: “İndiyədək 33 cəsəd və yandırılmış 50-dən çox ev saymışıq”. Qurbanların əksəriyyəti güllə yarası alıb, bəziləri yandırılıb və ya iri bıçaqla öldürülüb.

Beni ərazisinin rəhbəri polkovnik Şarl Omeonqa “Reuters”ə hücumu Müttəfiq Demokratik Qüvvələr (ADF) qruplaşmasının döyüşçülərinin həyata keçirdiyini deyib. Kökləri Uqandaya gedən bu qruplaşma 2019-cu ildə İŞİD-ə beyət edib və mütəmadi olaraq mülki şəxslərə hücum edir. 2025-ci ilin iyulunda qruplaşma Konqo DR-in şərqində 66 nəfəri öldürmüşdü, BMT bunu “qırğın” adlandırmışdı.

Hücumçular kənddəki tibb məntəqəsini də yandırıb. Kantindəki Kelekele xəstəxanasının tibbi direktoru Kristian Kakule deyib ki, aralarında Ebola şübhəli xəstələr və bir təsdiqlənmiş xəstə olan 180 pasiyent xəstəxanadan qaçıb. “Bu cür ehtimal olunan xəstələr açıq yerə çıxanda yoluxma mənbəyinə çevrilə və xəstəliyin yeni alovlanmasına səbəb ola bilərlər”, - deyə o bildirib.

Şimali Kivu hazırda ölkədəki yeni Ebola yoluxmalarının təxminən yarısını verir. Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi Konqo DR-də 10 mindən çox Ebola xəstəsi və 5300 ölüm qeydə alıb. Ölkənin şərqində təxminən 100 başqa silahlı qruplaşma da fəaliyyət göstərir, onların ən böyüyü Ruandanın dəstəklədiyi M23-dür. Paluku deyib: “Bu, ciddi təhlükəsizlik uğursuzluğudur. Bu ərazidə yerləşdirilən qüvvələrin sayını nəzərə alsaq, düşmənin onların müdafiəsini necə keçdiyi anlaşılmazdır”.

Leave A Reply