Fransada dördüncü həftə etirazları
Fransada noyabrın 7-də ardıcıl dördüncü həftəsonu etirazlar keçirilib. “France 24”ün yazdığına görə, həmkarlar ittifaqları və tələbə təşkilatları Parisin mərkəzində “həyat bahalığına qarşı və gənclərə dəstək” şüarı ilə icazəli yürüş keçirib. “Sarı jiletlər” hərəkatı isə onlara qoşulmayıb: hakimiyyətin qadağasına baxmayaraq, parlamentin aşağı palatası və prezident sarayının yaxınlığındakı Konkord meydanında ayrıca aksiyaya və “kütləvi itaətsizliyə” çağırır.
Daxili işlər naziri Loran Nunyes ölkə üzrə 70 min polis və təhlükəsizlik əməkdaşının cəlb olunacağını deyib: “Əgər iğtişaşçılar və ya talançılar olsa, biz hazırıq və onları gözləyirik”. Aksiyalardan iki gün əvvəl, noyabrın 5-də keçirilən ümummilli tətildə müxtəlif hesablamalara görə 575 mindən 1,6 milyonadək insan küçələrə çıxıb. Etirazlar əsasən dinc keçsə də, bir neçə şəhərdə etirazçılarla polis arasında toqquşmalar olub.
“Interfax”ın Fransa mediasına istinadla yazdığına görə, noyabrın 7-dəki etirazlarda əvvəlki aksiyalardan xeyli az insan iştirak edib. Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə 146 min nəfər küçəyə çıxıb, Paris polis prefekturası paytaxtda 46 min etirazçı olduğunu bildirib. Gənclər həmkarlar ittifaqları isə ölkədə 250 min, Parisdə 75 min etirazçının olduğunu deyib. Parisdəki yürüş Respublika meydanından Nasyon meydanına qədər gedib, sonda radikal etirazçılar qrupu ilə polis arasında toqquşmalar olub, polis gözyaşardıcı qaz və səs-işıq qumbaraları işlədib. “Le Figaro”nun yazdığına görə, Konkord meydanına cəmi yüzə yaxın “sarı jiletli” toplaşıb, hərəkatın iki lideri saxlanılıb. Saxlanılanların ümumi sayı sonra açıqlanacaq.
Polis həmin gün Lyonun mərkəzində yolu bağlayan yüzlərlə insana qarşı da gözyaşardıcı qaz işlədib. “Al Jazeera”nın silahlı münaqişələri və etirazları izləyən ACLED təşkilatının məlumatlarına əsaslanan təhlilinə görə, sentyabrın ortasından bəri Avropanın 31 ölkəsində həyat bahalığına qarşı 1 700-dən çox aksiya keçirilib, dalğaya Fransa başçılıq edir: sentyabrın 15-dən oktyabrın 30-dək təkcə Fransada ən azı 100 nəfərin qatıldığı 1 200-dən çox etiraz və iğtişaş qeydə alınıb.
Etirazlar məktəblərdəki pis şəraitə və müəllim çatışmazlığına qarşı tələbə aksiyaları kimi başlayıb, sonra həyat bahalığı, əlçatmaz mənzil və ictimai xidmətlərin vəziyyətinə qarşı daha geniş narazılığa çevrilib. Oktyabrın 17-də Fransa son illərin ən ciddi iğtişaşlarını yaşayıb. AFP-nin hesablamasına görə, sentyabrın ortasından bəri ən azı 20 nəfər rezin güllə və ya qumbaradan ağır yaralanıb, onların bir qrupu polis zorakılığına görə Nunyesi məhkəməyə verməyə hazırlaşır. “France 24” narazılıq dalğasının Avropanın digər ölkələrinə də yayıldığını yazır.


