Yeni Zelandiya
Yeni Zelandiyada noyabrın 7-də keçirilən parlament seçkilərində səslərin 90%-i sayılıb. İlkin nəticələrə görə, Baş nazir Kristofer Laksonun mərkəz-sağ Milli Partiyası 29,3%, əsas müxalifət olan Leyboristlər Partiyası 29,1% səs toplayıb. Yaşıllar 13,1%, liberter ACT 11%, millətçi “Əvvəlcə Yeni Zelandiya” (NZ First) 9,8%, yeni mərkəzçi Fürsət Partiyası (Opportunity) isə 5,9% səs alıb.
“Al Jazeera”nın Seçki Komissiyasına istinadla yazdığına görə, Milli Partiyanın başçılıq etdiyi hazırkı üç partiyalı koalisiya bu nəticələrlə parlamentdə cəmi bir yerlik çoxluğa malik olacaq. “The Guardian”ın hesablamasına görə, 129 yerlik parlamentdə hökumət qurmaq üçün 65 yer lazımdır. Amma xaricdəki seçicilərin və öz dairəsindən kənarda səs verənlərin bülletenləri noyabrın 27-də sayılacaq, tarixən bu səslər solçu partiyaların xeyrinə olub.
Leyboristlərin lideri Kris Hipkins tərəfdarlarına deyib: “Yeni Zelandiya öz sözünü deyib. Sadəcə, nə dediyini anlamaq bizə bir az vaxt aparacaq”. Onun sözlərinə görə, yeni parlamentdə hamı güzəştə getməli və ortaq məxrəc tapmalı olacaq. “The Guardian”ın yazdığına görə, maliyyə naziri Nikola Uillis yeni parlamentə düşməyəcək.
Seçki həyat bahalığı fonunda keçib, ərzaq qiymətləri və supermarketlər arasında rəqabət əsas mövzulardan olduğu üçün onu “supermarket seçkisi” də adlandırıblar. Hər iki tərəfin hökumətlərində nazir olmuş Piter Dann “Al Jazeera”ya deyib ki, iki blok bərabər yer qazansa, həlledici söz 5% baraj həddini keçən Fürsət Partiyasında olacaq, hökumət danışıqları həftələrlə çəkə bilər və ölkə Milad bayramına aydın hökumət olmadan girə bilər. Parlament yanvarın əvvəlinədək toplanmalıdır.


