Fransa
Fransada noyabrın 7-də ardıcıl dördüncü həftəsonu etirazlar keçirilir. “France 24”ün yazdığına görə, həmkarlar ittifaqları və tələbə təşkilatları Parisin mərkəzində “həyat bahalığına qarşı və gənclərə dəstək” şüarı ilə icazəli yürüş keçirir. “Sarı jiletlər” hərəkatı isə onlara qoşulmayıb: hakimiyyətin qadağasına baxmayaraq, parlamentin aşağı palatası və prezident sarayının yaxınlığındakı Konkord meydanında ayrıca aksiyaya və “kütləvi itaətsizliyə” çağırır.
Daxili işlər naziri Loran Nunyes ölkə üzrə 70 min polis və təhlükəsizlik əməkdaşının cəlb olunacağını deyib: “Əgər iğtişaşçılar və ya talançılar olsa, biz hazırıq və onları gözləyirik”. Aksiyalardan iki gün əvvəl, noyabrın 5-də keçirilən ümummilli tətildə müxtəlif hesablamalara görə 575 mindən 1,6 milyonadək insan küçələrə çıxıb. Etirazlar əsasən dinc keçsə də, bir neçə şəhərdə etirazçılarla polis arasında toqquşmalar olub.
Etirazlar məktəblərdəki pis şəraitə və müəllim çatışmazlığına qarşı tələbə aksiyaları kimi başlayıb, sonra həyat bahalığı, əlçatmaz mənzil və ictimai xidmətlərin vəziyyətinə qarşı daha geniş narazılığa çevrilib. Oktyabrın 17-də Fransa son illərin ən ciddi iğtişaşlarını yaşayıb. AFP-nin hesablamasına görə, sentyabrın ortasından bəri ən azı 20 nəfər rezin güllə və ya qumbaradan ağır yaralanıb, onların bir qrupu polis zorakılığına görə Nunyesi məhkəməyə verməyə hazırlaşır. “France 24” narazılıq dalğasının Avropanın digər ölkələrinə də yayıldığını yazır.


