Müdafiə sənayesi

Estoniyanın Dövlət Müdafiə İnvestisiyaları Mərkəzi ölkənin şimal-şərqindəki Kiviyli şəhərində sursat zavodu tikmək üçün Türkiyənin ARCA müdafiə şirkətini seçib. Bunu Estoniyanın ictimai yayımçısı ERR xəbər verib. Şirkətin bu məqsədlə Estoniyada qeydiyyata aldığı “ARCA Baltics Operations” törəmə şirkəti lisenziya alıb, onunla tikinti hüququ barədə müqavilə bağlanıb.

Müqaviləyə görə, dövlət şirkətə Pyhya-Kiviyli müdafiə sənayesi parkında 141 hektar torpaq verir, giriş yollarının, hasarın, elektrik, qaz və su şəbəkələrinə qoşulmanın tikintisinə 10 milyon avroya qədər vəsait qoyur. “ARCA Baltics Operations” isə istehsal infrastrukturuna, avadanlıq və anbarlara öz vəsaitindən 300 milyon avro yatırmalı, 155 millimetrlik artilleriya mərmiləri də daxil olmaqla iri çaplı sursat istehsalı qurmalıdır. Şirkət 1 000-ə qədər yeni iş yeri açmağı vəd edir.

Rusiya ilə həmsərhəd olan Estoniya NATO və Avropa İttifaqı üzvüdür. 155 millimetrlik mərmilər NATO ölkələrinin artilleriyasında istifadə olunan əsas sursat növüdür.

Leave A Reply