Haiti
Haiti Milli Polisi noyabrın 6-da paytaxt Port-o-Prensin yoxsul Site Soley məhəlləsində fəaliyyət göstərən “Boston” dəstəsinin başçısı kimi tanınan Matyas Sentilin əməliyyat zamanı “zərərsizləşdirildiyini” açıqlayıb. “Al Jazeera”nın yazdığına görə, Sentil atışmada bir neçə güllə yarası alıb, polis mənbəyinin sözlərinə görə, sonra xəstəxanada ölüb.
Baş nazir Aliks Didye Fis-Eme sosial şəbəkədə yazıb: “Bir dəstə başçısı azaldı. Ölkəni banditlərin caynağından azad etmək mübarizəsi qətiyyətlə davam edir. Dəstələr rahat yata bilməyəcək!”
Haitidə dəstə zorakılığı 2021-ci ildə prezident Jovenel Moizin öldürülməsindən sonra kəskin artıb, o vaxtdan ölkədə seçki keçirilməyib. BMT-nin məlumatına görə, paytaxt və ətrafında ən azı 26 dəstə fəaliyyət göstərir, Port-o-Prensin 90%-ə qədəri onların nəzarətindədir. Dəstə üzvlərinin yarısı 18 yaşınadək uşaq və yeniyetmələrdir. Bu ilin iyul-oktyabr aylarında zorakılıq nəticəsində 1 123 nəfər ölüb, ümumilikdə 1,4 milyon insan evini tərk etməyə məcbur olub.
Aprel ayından Haitidə beynəlxalq “Dəstələri Yatırma Qüvvələri” fəaliyyət göstərir, BMT Təhlükəsizlik Şurası onun mandatını 2027-ci ilin martınadək uzadıb. Oktyabrın 18-də bu qüvvələrdə xidmət edən dörd salvadorlu aviasiya texniki qaçırılıb. Salvadorun prezidenti Nayib Bukele bundan sonra Haitiyə 2 minədək əsgər göndərib və dəstə başçılarını açıq hədələyib. İnsan haqları təşkilatları Bukeleni öz ölkəsində kütləvi həbslər və kütləvi məhkəmələrlə apardığı sərt siyasətə görə tənqid edir.


