Səhiyyə

ABŞ-də bu il 5 182 qızılca halı təsdiqlənib. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) açıqladığı bu rəqəm 1991-ci ildən bəri ən yüksək göstəricidir. 2025-ci ildə 2 289 hal qeydə alınmışdı, yəni yoluxma iki dəfədən çox artıb. Halların 4 993-ü epidemiya ocaqları ilə bağlıdır.

Xəstələrin 18%-i beş yaşadək uşaqlar, 41%-i 5-19 yaşlılardır, yəni yoluxanların təxminən 59%-i uşaq və yeniyetmədir. Eyni dövrdə ABŞ-də uşaq bağçası yaşında olanların peyvənd səviyyəsi 2019-2020-ci tədris ilindəki 95,2%-dən 2025-2026-cı tədris ilində 92,4%-ə düşüb.

CDC-nin məlumatına görə, bu il qızılcadan dörd nəfər ölüb. Ştatların rəqəmləri isə daha yüksəkdir: epidemiyadan ən çox əziyyət çəkən Pensilvaniyanın Səhiyyə Departamenti bu il 1 487 yoluxma və altı ölüm qeydə alıb. “Al Jazeera”nın yazdığına görə, Pensilvaniya avqustda peyvənd olunmamış iki nəfərin qızılcadan öldüyünü açıqlayıb. CDC əvvəlcə bu ölümləri ümumi sayə daxil etsə də, peyvənd əleyhdarı kimi tanınan səhiyyə naziri Robert Kennedi qızılcanın ölümə səbəb olub-olmadığını şübhə altına aldıqdan sonra onları siyahıdan çıxarıb. Bu məsələ Pensilvaniya qubernatoru Coş Şapiro ilə Kennedi arasında mübahisəyə çevrilib, CDC indi qızılca ölümlərinin vahid tərifini hazırladığını deyir.

ABŞ qızılcanın ölkədə aradan qaldırıldığını iyirmi ildən çox əvvəl elan etmişdi. “Al Jazeera”ya danışan mütəxəssislər xəbərdarlıq edir ki, bir yerdə peyvənd səviyyəsinin düşməsi minlərlə kilometr uzaqdakı insanları da təhlükə qarşısında qoyur, qızılca dünyanın başqa ölkələrində də artır.

Leave A Reply