Husilər Ər-Riyadı vurduğunu deyir

Husilərin hərbi sözçüsü Yəhya Səri noyabrın 7-də qruplaşmanın Səudiyyə Ərəbistanında və Yəməndə neft və hərbi obyektlərə qarşı altı əməliyyat keçirdiyini iddia edib. “Interfax”ın yazdığına görə, Səri X sosial şəbəkəsində ballistik və qanadlı raketlərlə, dronlarla Ər-Riyaddakı “Saudi Aramco” neft obyektlərinin, Ər-Riyadın beynəlxalq hava limanının, Səudiyyə qoşunlarının və hərbi obyektlərinin vurulduğunu yazıb: “Səudiyyə ərazisinin dərinliyində əməliyyatlarımızı “blokadaya blokada, eskalasiyaya eskalasiya” prinsipi ilə davam etdirəcəyik”.

Səudiyyə Ərəbistanı və Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti bu zərbələri təsdiqləməyib. BBC-nin yazdığına görə, Səudiyyənin başçılıq etdiyi koalisiya həmin gün Ər-Riyada doğru uçan bir raketi vurduğunu açıqlayıb.

Bundan bir neçə saat sonra husilərə bağlı media Səudiyyə Ərəbistanının hava zərbələri nəticəsində Sənanın şərqindəki əş-Şəriyə qəsəbəsində qadınlar və uşaqlar da daxil olmaqla ən azı 25 nəfərin öldüyünü bildirib. “Al Jazeera” husilərə istinadla 30 nəfərin yaralandığını yazır. Husilərin “Əl-Məsirə” telekanalı xilasedicilərin bir neçə binanın dağıntıları altından cəsədləri çıxardığı görüntüləri yayıb, onların arasında azyaşlı uşaqların da cəsədləri görünür. Səudiyyənin başçılıq etdiyi koalisiya bu barədə açıqlama verməyib. Husilərin liderlərindən Mehdi əl-Məşat qisas alacaqlarını deyib.

Bir gün əvvəl, noyabrın 6-da Taiz əyalətindəki bazara endirilən zərbədə 30 nəfərin öldüyü bildirilib, husilər Səudiyyəni, hökumət qüvvələri isə husiləri günahlandırır. Yəməndə bir neçə il səngiyən müharibə İran müharibəsindən sonra yenidən alovlanıb: BBC-nin yazdığına görə, Səudiyyə husilərin nəzarətindəki Səna hava limanını vurandan sonra atəşkəs pozulub, husilər Səudiyyənin Abha hava limanına və Qırmızı dənizdə Hörmüz boğazına alternativ marşrutla neft daşıyan Səudiyyə gəmilərinə hücum edib. BMT-nin məlumatına görə, döyüşlər bərpa olunandan bəri 1 600-dən çox insan ölüb, 300 mindən çox insan yerindən olub.

Leave A Reply