Moldova-Rumıniya
Moldovanın baş nazirin müavini və xarici işlər naziri Mihay Popşoy deyib ki, Moldovanın Rumıniyaya yaxınlaşması birləşmə barədə emosional bəyanatlara yox, konkret infrastruktur layihələrinə əsaslanmalıdır. “TVR Moldova”nın yazdığına görə, o, “TVR Info” telekanalına müsahibəsində avtomagistralı, Prut çayı üzərindəki körpüləri və enerji xətlərini iki ölkəni praqmatik şəkildə yaxınlaşdıran layihələr kimi göstərib.
“Bir tərəfdən, sorğuların nə göstərdiyini bilirik və belə qərar tamamilə demokratik olmalı, Prutun hər iki sahilindəki vətəndaşların mümkün qədər geniş çoxluğu tərəfindən dəstəklənməlidir. Prutun sol sahilindəki bir milyon rumına qarşı son dərəcə ciddi təhdid olduğu bir şəraitdə bu müzakirə zəruridir”, - deyə Popşoy bildirib. Onun sözlərinə görə, belə müzakirə və addımlar üçün siyasi iradə var, Moldova cəmiyyətində birləşməyə açıqlıq var, amma sorğular hələlik birləşmə tərəfdarlarının çoxluq təşkil etdiyini göstərmir.
Moldova ilə Rumıniyanın birləşməsi ideyası Ukraynadakı müharibə və Rusiyanın Kişinyova təzyiqi fonunda yenidən gündəmə gəlib. Moldova prezidenti Maya Sandu 2026-cı ilin əvvəlində Britaniya jurnalistləri Rori Stüart və Alastair Kempbellə söhbətdə birləşmə barədə referendum keçirilsə, “hə” deyəcəyini bildirib, amma birləşməni dəstəkləyən çoxluğun olmadığını, çoxluğun Avropa İttifaqına üzvlüyü dəstəklədiyini deyib. Rumıniya prezidenti Nikuşor Dan isə 2025-ci ildə şəxsən birləşmə istədiyini, amma Moldova vətəndaşları indiki dövlət formasını dəstəklədikcə Rumıniyanın heç bir addım atmayacağını bildirib.
Popşoy bu ilin aprelində birləşmə məsələsinin yaxın siyasi gündəmdə olmadığını, prioritetin Avropa İttifaqına üzvlük olduğunu demişdi. Baş nazir Vasile Tofan isə iyulda birləşməyə dəstəyin 40%-dən az olduğunu, amma artdığını bildirib.


