İsrail-Livan
İsrail Livanın cənubunda yollar və hərbi postlar tikir, peyk görüntüləri şəbəkənin uzunluğunun təxminən 90 kilometrə çatdığını göstərir. Bunu “Al Jazeera” telekanalının müxbiri Zeyna Xədr Livanın cənubundakı Bərəaşit kəndindən reportajında deyib. Kanalın yazdığına görə, bu tikinti İsrailin bölgədə uzun müddət hərbi baxımdan qalacağı ilə bağlı narahatlığı artırır.
“Əl-Ərəbi TV” telekanalının fakt yoxlama layihəsi “Misbar”ın peyk görüntülərinin təhlilinə görə, İsrail qoşunları Nəbətiyə rayonunda Yəhmər əş-Şəqif yaxınlığından Litani çayı boyunca uzanan yeni torpaq yol çəkib, qazıntı işləri oktyabrın 1-11-də aydın görünüb. Zevtər əl-Ğərbiyyə bələdiyyəsinin rəhbəri Əbdül İzzəddinin sözlərinə görə, bu yol İsrail qoşunlarına kəndlərdən və dağ yollarından keçmədən Litaninin şimalı ilə cənubu arasında hərbi texnika, buldozer və tank keçirməyə imkan verir, qoşunlar çayı özlərinin düzəltdiyi keçiddən keçir.
Livanın “L’Orient-Le Jour” qəzeti onlarla peyk görüntüsünü təhlil edərək İsrailin 2026-cı ilin martında Hizbullahla döyüşlər yenidən başlayandan bəri Livanın cənubunda səkkiz möhkəmləndirilmiş baza, 32 kilometr yeni yol və nəzarət-buraxılış məntəqələri qurduğunu yazıb. Qəzetə görə, İsrail Livanın cənubunda 600 kvadrat kilometrdən çox əraziyə nəzarət edir. “Misbar” BMT-nin Livandakı sülhməramlı missiyası UNIFIL-ə istinadla bufer zonada təxminən 20 əlavə İsrail mövqeyinin olduğunu yazır.
Livanın Milli İnformasiya Agentliyi isə Ayta əş-Şəab, Marun ər-Ras, Bint Cbeyl və Aytarun ərazilərində yol tikintisi aparıldığını və İsrail qoşunlarının nəzarətindəki ərazilərdə evlərin söküldüyünü bildirib. İsrail tərəfi tikinti barədə açıqlama verməyib.


