Ərdoğan-Tramp zəngi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 7-də ABŞ prezidenti Donald Trampla telefonla danışıb. “Anadolu” agentliyinin Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadla yazdığına görə, liderlər ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər. Ərdoğan iki ölkə arasında əməkdaşlığın artmağa davam edəcəyinə əmin olduğunu bildirib.
Ərdoğan İranla ABŞ arasındakı gərginliyin bitməli olduğunu, qalan məsələlərin diplomatiya yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. TRT-nin yazdığına görə, o, Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün diplomatik işin canlanmasının müsbət nəticə verəcəyinə ümid etdiyini deyib, Türkiyənin bu işə töhfə verməyə davam edəcəyini bildirib və həm Kiyev, həm də Moskva ilə təmasların artırılmasının vacibliyini qeyd edib. Ərdoğan həmçinin Türk Dövlətləri Təşkilatının sammitinə verdiyi dəstəyə görə Trampa təşəkkür edib.
Zəng ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İrana silah və sanksiyalı mal daşınmasının qarşısını quru sərhədlərdə və Xəzər dənizində almaq üçün “Dəmir Qapı” işçi qrupu yaratdığını açıqladığı gün olub. Türkiyə İranla quru sərhədi olan ölkələrdəndir. Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək.
İki lider bundan təxminən on gün əvvəl, oktyabrın 29-da da telefonla danışıb. “Euronews”un yazdığına görə, Tramp o zaman Ərdoğanı Türkiyə Respublikası Günü münasibətilə təbrik edib və oktyabrın 30-da keçirilən Türk Dövlətləri Təşkilatının liderlər sammitinə uğur arzulayıb. Türkiyə İranla ABŞ arasında vasitəçilik təklif edən ölkələrdəndir, Ankara həm də Ukrayna ilə Rusiya arasında əvvəlki danışıq raundlarına ev sahibliyi edib.


