Türkmən qadınlara sükan qadağası

Azadlıq Radiosunun türkmən xidməti Azatlıqın həmsöhbətlərinin dediyinə görə, Türkmənistanın bəzi bölgələrində sürücülük vəsiqəsi almaq istəyən qadınlara imtahana yalnız 50 yaşından sonra girə biləcəkləri bildirilir. “40 yaşım var. Kursu bitirmişəm, amma imtahana buraxılmadım. Səbəbini soruşanda dedilər ki, 50 yaşınız tamam olandan sonra gəlin”, - Ahal vilayətinin sakini deyib.

Adlarının açıqlanmasını istəməyən qadınlar pul qarşılığında bu məhdudiyyətdən yan keçməyin mümkün olduğunu iddia edir. Onlardan biri deyib ki, imtahan götürən müəllim ona 10 min dollara kömək edə biləcəyini söyləyib. Onun sözlərinə görə, kişilərə sürücülük vəsiqəsi üçün xeyli az, 300-400 dollar ödəmək təklif olunur.

Türkmənistan qanunvericiliyində qadınlar üçün belə yaş məhdudiyyəti nəzərdə tutulmayıb. “Azattyq Asia” yazır ki, problem təxminən 10 ildir davam edir: 2017-ci ildə yol polisi qadınların sürücülük vəsiqələrini müsadirə etməyə başlayıb, 2023-cü ilin əvvəlindən sürücülük məktəblərinə qəbul üçün ən azı 41 yaş tələbi qoyulub. Həmin il Türkmənistan Daxili İşlər Nazirliyinin nümayəndəsi Cenevrədə BMT iclasında icazəsiz sürən qadınların aşkarlandığını və təhlükəsizlik məqsədilə qadınların maşın sürməsinin müvəqqəti dayandırıldığını deyib.

50 yaş tələbinin bütün ölkəyə aid olub-olmadığı bilinmir. Azatlıqın yazdığına görə, Türkmənistan DİN-in saytında belə məhdudiyyət barədə məlumat yoxdur, rəsmi mövqe öyrənilə bilməyib. Türkmənistan hakimiyyəti beynəlxalq təşkilatlara göndərdiyi hesabatlarda gender bərabərliyinin pozulduğunu inkar edir.

Leave A Reply