“Ənənəvi dəyərlər” cəriməsi

Rusiya Dövlət Dumasının cinayət və inzibati qanunvericilik komitəsi noyabrın 9-da “ənənəvi dəyərləri gözdən salan” materialların yayılmasına və onları silməkdən imtinaya görə inzibati cərimə nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul etməyi tövsiyə edib.

Layihəyə görə, audiovizual xidmət və sosial şəbəkə sahibləri Roskomnadzorun məhdudlaşdırma tələbini yerinə yetirmədikdə fiziki şəxslərə 20 min rubla, vəzifəli şəxslərə 200 min rubla, hüquqi şəxslərə 1 milyon rubla qədər cərimə tətbiq olunacaq. Təkrar pozuntuya görə cərimə müvafiq olaraq 300 min, 800 min və 5 milyon rubla çatacaq.

Belə materialları yayan audiovizual xidmət sahibləri üçün də ayrıca cərimə nəzərdə tutulur: fiziki şəxslərə 5 min, vəzifəli şəxslərə 100 min, hüquqi şəxslərə 700 min rubla qədər. Təkrar halda məbləğ 150 min, 400 min və 3 milyon rubla qalxacaq. Hazırda Rusiyada belə audiovizual məhsulların yayılması qadağandır, sosial şəbəkə sahibləri Mədəniyyət Nazirliyinin qərarı əsasında Roskomnadzorun tələbi ilə girişi məhdudlaşdırmalıdır.

Layihənin müəlliflərindən olan Dumanın informasiya siyasəti komitəsinin sədri Sergey Boyarski iclasda deyib ki, bu halda “vətəndaşlar” sosial şəbəkə sahibləridir, istifadəçilər deyil. Boyarskinin sözlərinə görə, söhbət prezident fərmanında göstərilən dəyərləri gözdən salmaq niyyətindən gedir. Layihə elə “Novaya Qazeta”nın fəaliyyətini dayandırdığı gün komitədən keçib.

Leave A Reply