Gümrü bazasının hərbçiləri saxlanılıb
Gümrüdəki Rusiya hərbi bazasının iki hərbçisi Ukrayna vətəndaşını döymək şübhəsi ilə Ermənistan nəzarətinə götürülüb. “Azatutyun” radiosunun yazdığına görə, Dmitri Samuelenko Ermənistan hüquq-mühafizə orqanlarına təxminən bir ay əvvəl Gümrünün Ani rayonunda iki rus hərbçisi tərəfindən döyüldüyünü bildirib.
Ermənistan Təhqiqat Komitəsi “bir qrup şəxs tərəfindən fiziki güc tətbiqi” maddəsi ilə araşdırma başlatdığını və məhkəmə-tibbi ekspertiza təyin etdiyini deyib. Komitənin məlumatına görə, iki hərbçiyə yüngül bədən xəsarəti yetirmə ittihamı ilə cinayət işi açılıb, adları açıqlanmayıb. Hadisənin motivləri bilinmir.
“Azatutyun” qeyd edir ki, indiyədək Ermənistanda cinayətdə ittiham olunan rus hərbçilər istintaq və məhkəmə zamanı Ermənistan nəzarətində deyil, baza daxilində saxlanılırdı. 2015-ci ildə Gümrüdə erməni ailəsinin yeddi üzvünü öldürən Valeri Permyakov da baza daxilində saxlanılmışdı.
Vanadzordakı Helsinki Vətəndaş Assambleyası ofisinin rəhbəri, hüquq müdafiəçisi Artur Sakunts isə rus hərbçilərə bənzəyən şəxslərin bir gənci döyüb alçaltdığı, “Gümrü bizim şəhərimizdir, rus əsgərlərinin şəhəridir” dediyi video aldığını açıqlayıb. Təhqiqat Komitəsi videoya dair müraciət almadığını bildirib. Gümrüdəki baza və Rusiya səfirliyi hələlik heç bir işə münasibət bildirməyib. Hadisə Moskva ilə Yerevan arasında münasibətlərin gərgin olduğu vaxta düşüb.


