Paşinyan ODKB yerinə Antalyada

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 11-də Antalyaya gedərək BMT-nin iqlim konfransı COP31-də iştirak edəcək. Bunu onun mətbuat katibi Melaniya Arutyunyan açıqlayıb. Həmin gün Moskvada Vladimir Putinin sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (ODKB) sammiti keçiriləcək.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın əvvəl dediyinə görə, sammitdə Ermənistanın ODKB-də üzvlüyü məsələsinə baxıla bilər. Yerevan 2024-cü ildən quruma üzvlüyünü faktiki dondurub. Paşinyan bu günlərdə “ODKB ilə bağlı maraqlarımız tükənib, bizim artıq ODKB ilə bağlı maraqlarımız yoxdur” deyib.

“OC Media”nın yazdığına görə, Baş nazir Ermənistanın 2027 və ya 2028-ci ildə Aİ-yə rəsmi müraciət edə biləcəyini bildirib, amma Avrasiya İqtisadi İttifaqından çıxmaq üçün hazırlıq görülmədiyini deyib. Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin isə noyabrın 9-da TASS-a Ermənistanın müraciətdən əvvəl referendum keçirməli olduğunu demişdi.

Rusiya bəzi erməni mallarının idxalını qadağan edib və qaz güzəştini ləğv etmək barədə xəbərdarlıq edib. Eyni gündə Gümrüdəki Rusiya bazasının iki hərbçisinin Ermənistan nəzarətinə götürüldüyü də məlum olub. Türkiyə ilə Ermənistan arasında isə normallaşma danışıqları davam edir.

Leave A Reply