Maldivdə Rusiya ödənişləri dayanıb

Maldiv adalarının ən böyük bankı “Bank of Maldives” oktyabrın sonundan Rusiya turistlərinin yerləşdirilməsi üçün ödənişləri rədd edir. “Kommersant” qəzetinin yazdığına görə, Rusiya Turizm Sənayesi İttifaqı məsələyə müdaxilə etmək üçün İqtisadi İnkişaf Nazirliyinə və Rusiyanın Şri-Lanka və Maldivdəki səfirinə müraciət edib. İttifaqa görə, bank təkcə rus şirkətlərindən yox, Rusiya turistləri üçün xarici hüquqi şəxslərdən gələn ödənişləri də qaytarır.

“Bank of Maldives” “RBC” nəşrinə təsdiqləyib ki, Rusiya ilə bağlı köçürmələri işləmir: “Cari siyasətimizə görə, Rusiya pul köçürmələri üçün məhdud girişli ölkələr siyahısındadır. Bu o deməkdir ki, Rusiya ilə bağlı daxil olan və çıxan köçürmələr qanunvericiliyin və normativ aktların tələbinə görə işlənmir”.

Bazar iştirakçılarının “Kommersant FM”ə dediyinə görə, noyabrın 6-na ilişib qalan ödənişlərin məbləği 2 milyon dollara çatıb. Pul almayan otellər qonaqlardan yenidən ödəniş istəyir və ya yerləşdirməkdən imtina edir. Tur operatorları problemin əsasən biznesə ziyan vurduğunu, turistlərin təkrar ödənişdən sonra yerləşdirildiyini bildirir.

Rusiya İqtisadi İnkişaf Nazirliyi Maldivin Turizm Nazirliyinə və səfirliyinə müraciət etdiyini, iki ölkənin mərkəzi bankları arasında danışıqlar təşkil ediləcəyini deyib. Maldiv adaları Rusiya tur operatorlarının ən çox satdığı on istiqamətdən biridir. “The Wall Street Journal” əvvəl adaların Rusiya üçün sanksiyalardan yayınma mərkəzinə çevrildiyini yazmışdı.

Leave A Reply