SEPAH-ın Hörmüz iddiası
İranın SEPAH Hərbi Dəniz Qüvvələri son bir sutkada Hörmüz boğazından ən azı dörd neft tankerinin keçişini blokladığını iddia edir. İran dövlət televiziyası IRIB-in məlumatına görə, tankerlər Tehranın razılaşdırmadığı marşrutla keçməyə çalışıb, onların naviqasiya avadanlıqları sıradan çıxarılıb, ekipajlar isə ABŞ-dən kömək istəyib.
SEPAH-ın sözçüsü Hüseyn Möhibbi ABŞ qüvvələrinin boğazda mina təmizlədiyi xəbərlərini rədd edib: “Hörmüz boğazından heç bir müharibə minası təmizlənməyib, bu iddia açıq yalandır”. Bu barədə “Iran International” yazıb. İran tərəfi dəfələrlə boğazın öz silahlı qüvvələrinin nəzarətində olduğunu və digər marşrutların təhlükəli olduğunu bildirib.
ABŞ 2026-cı il fevralın 28-də İrana hücum etdikdən sonra Hörmüzdən keçən gəmilər mütəmadi olaraq zərbələrə məruz qalır və minalara düşür. Beynəlxalq Dəniz Təşkilatının məlumatına görə, müharibə başlayandan bəri dənizdə ən azı 25 nəfər ölüb. SEPAH noyabrın 8-də “icazəsiz marşrutla gedən üç tankerdə partlayış və yanğın” olduğunu da bildirmişdi.
Noyabrın 8-də İran xarici işlər naziri Abbas Əraqçi ABŞ-yə müraciət edərək iki günlük təklifin qüvvədə qaldığını yazmışdı. İran XİN sözçüsü İsmayıl Bəqai isə bu gün ABŞ sanksiyaları və dəniz blokadasını ləğv edərsə, “bölgəyə təhlükəsizliyin iki gün ərzində qayıdacağını” deyib.


