“Dəyərlərə” görə cərimə gəlir
Rusiya Dövlət Dumasının Cinayət və İnzibati Qanunvericilik Komitəsi noyabrın 9-da ənənəvi dəyərləri gözdən salmağa görə cərimə nəzərdə tutan qanun layihəsini birinci oxunuşa tövsiyə edib. Azadlıq Radiosunun rus xidmətinin yazdığına görə, 2025-ci ilin dekabrında Dumaya təqdim olunan layihə filmlərə, videolara, mahnılara və digər audiovizual əsərlərə, onların internetdə yayımına şamil edilir.
Məsuliyyət təkcə vətəndaşlara deyil, belə məzmunun yerləşdirildiyi striminq platformalarına və sosial şəbəkə sahiblərinə də aid olacaq. İlk pozuntuya görə vətəndaşlar 5-10 min rubl (60-121 dollar), vəzifəli şəxslər 50-100 min rubl, hüquqi şəxslər 500-700 min rubl (6-8,5 min dollar) cərimələnəcək. Təkrar halda məbləğlər vətəndaşlar üçün 50-150 min, vəzifəli şəxslər üçün 300-400 min, hüquqi şəxslər üçün isə 1-3 milyon rubla qalxır.
Layihəyə görə, “dəyərləri gözdən salan” materiallar 24 saat ərzində silinməlidir. Bu cür işlərlə bağlı məhkəməyə Mədəniyyət Nazirliyi, material silinmədikdə isə kütləvi kommunikasiyalara nəzarət edən “Roskomnadzor” qurumu müraciət edəcək.
“Ənənəvi dəyərlər”in siyahısı prezident Vladimir Putinin 2022-ci il noyabrın 9-da imzaladığı fərmanda göstərilib. Həmin sənəddə vətənpərvərlik, möhkəm ailə, humanizm və mənəviyyatın maddiyyatdan üstün tutulması kimi dəyərlər sadalanır. Fərmanda bu dəyərlərə təhlükə mənbəyi kimi “dost olmayan ölkələr”, xarici qeyri-hökumət təşkilatları və bəzi kütləvi informasiya vasitələri göstərilir.


