Mildenhall bazası boşaldılıb
ABŞ ordusu noyabrın 9-da İngiltərənin şərqindəki RAF Mildenhall hava bazasından təyyarələrini Almaniyaya və başqa yerlərə köçürüb. “The Wall Street Journal” qəzetinin məlumatlı mənbələrə istinadla yazdığına görə, səbəb İrandan gələn təhdiddir. Vaşinqton bundan həftələr əvvəl RAF Fairford bazasından bombardmançılarını çıxarmışdı, bu, Britaniyada ikinci belə haldır.
Qəzetin yazdığına görə, bazadan istifadə edən iki yanacaqdoldurma təyyarəsi həmin gün səhər Almaniyaya yönləndirilib, daha bir neçəsi isə günün sonunadək Almaniyaya və digər məntəqələrə aparılıb. Təhdidin dəqiq xarakteri amerikalı rəsmilər arasında hələ müzakirə olunur. Bir ABŞ rəsmisinin sözlərinə görə, Mildenhall və Lakenhit bazalarında təhlükəsizlik rejimi “Charlie” səviyyəsinə qaldırılıb. Bu, Pentaqonun sistemində ikinci ən yüksək dərəcədir və kəşfiyyat terror aktının ehtimal olunduğunu göstərəndə tətbiq edilir.
Britaniya Müdafiə Nazirliyinin sözçüsü deyib: “Biz başqa ölkələrin fəaliyyətini adətən şərh etmirik. Təyyarələr və digər vasitələr əməliyyat tələblərinə uyğun olaraq müntəzəm yerini dəyişir”. ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü də qəzetə təfərrüat verməyib və təyyarələrin müxtəlif səbəblərlə bazalar arasında dəyişdirildiyini bildirib.
ABŞ bombardmançılarının İrana zərbələr üçün istifadə etdiyi RAF Fairford bazasının qarşısında sentyabrda beş nəfər saxlanılıb, daha iki nəfər isə sonradan İran kəşfiyyatına kömək şübhəsi ilə tutulub. Hadisənin təfərrüatları böyük ölçüdə açıqlanmayıb, amma ondan sonra ABŞ B-1 bombardmançılarını bazadan çıxarıb. Baş nazir Endi Bernham keçən ay Fairforddakı fəaliyyətin çox güman ki, İrandan əlaqələndirildiyini deyib. İranın Britaniyadakı səfiri bazaya qarşı hər hansı planda iştirakı rədd edib, SEPAH isə iyulda İrana zərbələr üçün istifadə olunan bazaların “qanuni hədəf” olduğunu bəyan edib.
“The War Zone” nəşrinin yazdığına görə, bazadakı bütün 10 KC-135 təyyarəsi Almaniyadakı Şpanqdalem və Şotlandiyadakı Prestvik bazalarına aparılıb, CV-22B konvertoplanları isə Lakenhitə köçürülüb. ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsi nəşrə Mildenhall və Lakenhitdə “gücləndirilmiş təhlükəsizlik tədbirləri” olduğunu deyib, təfərrüat verməyib. Lakenhit bazasının sosial şəbəkə səhifəsində ayıq olmağa və dronlar görüldükdə xəbər verməyə çağırış yerləşdirilib.


