Banqladeşlilər Rusiya cəbhəsində
Azadlıq Radiosunun müsahibə apardığı ailələr və sağ qalanlar deyir ki, Rusiyaya mülki işə aparılan banqladeşlilər cəbhəyə göndərilib. 22 yaşlı Razan Hossain mayın 7-də 30 həmvətəni ilə Moskvaya uçub. O, “Jabale Noor” adlı agentliyin ayda 75 min rubl (təxminən 930 dollar) maaşlı tikinti işi vədinə inanıb, ailəsi viza və yol xərci üçün torpağını satıb, təxminən 8 min dollar ödəyib.
Hossainin dediyinə görə, Moskvaya çatan kimi onları yüzlərlə kilometr uzaqdakı döyüş bölgəsinə aparıblar, demək olar ki, təlimsiz əllərinə avtomat verib Rusiya bölmələrinin önünə salıblar. “Elektrik köməkçisi kimi götürülmüşdüm, bütün sənədlərim qaydasında idi. Amma məni döyüşməyə məcbur etdilər”, - deyən gənc iyunun 14-də dron zərbəsindən ağır yaralanıb. “20 həmvətənim gözümün qarşısında dron zərbələrindən öldü”, - o bildirib. Hossain komandirin onu xəstəxanaya göndərməkdən imtina etdiyini, müalicə istəyəndə döyüldüyünü və ac saxlanıldığını da deyir. O, avqustun sonunda Banqladeşin Moskvadakı səfirliyinin köməyi ilə evə qayıdıb, indi qoltuqağacı ilə gəzir.
Banqladeş rəsmiləri mayın əvvəlində Rusiyaya gələn ən azı 17 kişinin cəbhəyə göndərildikləri ilk gün öldüyünü təsdiqləyir. Keçən ay 30 nəfəri yüksək maaş vədi ilə Rusiyaya apardığı şübhəsilə iki nəfər saxlanılıb. “Fortify Rights” və “Truth Hounds” təşkilatlarının mart ayındakı araşdırmasına görə, ən azı 104 banqladeşli Rusiya ordusuna cəlb olunub, ən azı 34-ü ölüb. Banqladeşin rəsmi məlumatına görə, 2025-ci ilin yanvarından bu ilin oktyabrın 27-dək 7 449 vətəndaşa Rusiyada işləmək icazəsi verilib.
BMT-nin insan haqları üzrə komissiyası keçən ay yayılan hesabatında 29 ölkənin vətəndaşlarının aldadılaraq Rusiya ordusuna yazıldığını bildirib. “Amnesty International” insan haqları təşkilatının baş katibi Agnes Kallamar da Rusiyanı iqtisadi cəhətdən zəif əcnəbiləri “top yemi” kimi istifadə etməkdə ittiham edib. Rusiya rəsmiləri bu iddiaları davamlı olaraq rədd edir və əcnəbilərin yalnız könüllü, rəsmi hərbi müqavilə ilə döyüşdüyünü bildirir.


