66 əsgərə ölüm hökmü
Konqo Demokratik Respublikasının şərqindəki Şimali Kivu vilayətinin Valikale şəhərində hərbi məhkəmə qorxaqlıq, qiyam və əmrə tabe olmamaq ittihamları ilə ən azı 66 əsgərə ölüm hökmü çıxarıb. Yerli mediaya istinadla BBC-nin yazdığına görə, məhkəmə qarşısına 71 əsgər çıxıb, dörd nəfər bəraət alıb, biri isə 10 il həbs cəzasına məhkum edilib.
Əsgərlər oktyabrın 20-də Valikaledə saxlanılıb. Onlar üsyançı “Millətin Yenidən Qurulması Cəbhəsi” (FRN) döyüşçüləri ilə toqquşmalar zamanı mövqelərini tərk edib qaçmaqda ittiham olunurlar. FRN koalisiyasına M23 qruplaşması da daxildir, keçmiş prezident Cozef Kabila onun lideri kimi adlandırılıb. Ordu məhkəməni bölmələrdə intizamı gücləndirmək üçün keçirdiyini bildirib.
Konqo ordusu illərdir intizamsızlıq və zəif təşkilatlanma ilə bağlı tənqid olunur, əsgərlər isə az maaşdan və yetərsiz təchizatdan şikayət edir. Hökumət qonşu Ruandanı M23 qruplaşmasını dəstəkləməkdə ittiham edir, Kiqali və üsyançılar bunu rədd edir.
Ölkə hakimiyyəti 2024-cü ildə ölüm cəzasına 20 illik moratoriumu “ordu daxilindəki satqınları” təmizləmək zərurəti ilə ləğv etmişdi. Hüquq müdafiə təşkilatları bu qərarı geniş tənqid edib, amma o vaxtdan bəri rəsmi edam həyata keçirilməyib. RFI-nin hesablamasına görə, 2025-ci ilin əvvəlindən bəri ən azı 507 hərbçi məhkum edilib, 381-nə ölüm hökmü çıxarılıb.


