Müxalif namizəd həbsdə ölüb

Ermənistanın müxalif “Güclü Ermənistan” partiyasının Stepanavan icma başçılığına namizədi Arsen Gevorqyan noyabrın 10-u səhər istintaq təcridxanasında ölüb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nona Navikyan “News.am” saytına deyib ki, saat 7:55 radələrində 1980-ci il təvəllüdlü məhbusun vəziyyəti pisləşdiyi üçün təcili yardım çağırılıb, saat 8:30 radələrində həkimlər onun öldüyünü təsdiqləyib.

Penitensiar Xidmətin sonrakı açıqlamasına görə, Nubaraşen həbsxanasında saxlanılan Gevorqyan həbsdə olduğu müddətdə səhhəti ilə bağlı şikayət etməyib. “News.am” saytı ilkin məlumata görə ölüm səbəbinin infarkt olduğunu yazır. Korrupsiyaya Qarşı Məhkəmə oktyabrın 21-də Gevorqyan barəsində iki aylıq həbs qərarı seçmişdi. Korrupsiyaya Qarşı Komitə onu qrup tərkibində səs satın almaqda və buna köməklik etməkdə ittiham edirdi.

Korrupsiyaya Qarşı Komitə oktyabrın 21-də, yerli seçkidən bir neçə gün əvvəl Stepanavanda cinayət işi çərçivəsində 14 nəfərin saxlanıldığını və axtarışlar aparıldığını bildirmişdi, adları açıqlamamışdı. “Güclü Ermənistan”ın deputatı Areq Hovsepyan saxlanılanlar arasında Gevorqyanın da olduğunu demiş, bunu “siyasi təqib” adlandırmışdı. Partiya hakimiyyətin gizli kamera yazılarından istifadə etdiyini və montaj edilmiş videolar yaydığını bildirmişdi.

“Güclü Ermənistan” Baş nazir Nikol Paşinyanın əsas rəqiblərindən biri sayılan iş adamı Samvel Karapetyanın partiyasıdır. Partiyanın bir sıra təmsilçiləri iyundakı parlament seçkilərindən sonra səs satın alma işləri üzrə barələrində həbs qərarı seçilib.

“OC Media”nın yazdığına görə, ədliyyə naziri Srbuhi Qalyan da Gevorqyanın infarktdan öldüyünü bildirib. “Güclü Ermənistan” partiyası bəyanatında məsuliyyəti Baş nazir Paşinyanın üzərinə qoyur: “Yüzlərlə insanın əsassız qaralanmasını və saxlanılmasını sifariş edən şəxs müxalifətin daha bir nümayəndəsinin həbsxanada ölümünə görə məsuliyyət daşıyır”. “Ermənistan” blokunun deputatı Kristine Vardanyan da hakimiyyəti günahlandırıb. Hüquq müdafiəçisi Daniel Ioannisyan “hərtərəfli və şəffaf” istintaq aparılmasını, Gevorqyanın xroniki xəstəliyinin olub-olmadığının müəyyən edilməsini tələb edib. Gevorqyan özünü təqsirli bilmirdi.

Leave A Reply