Qaribaşvilinin qapalı məhkəməsi

Gürcüstanın həbsdə olan keçmiş Baş naziri İrakli Qaribaşvili məhbəsdən yazdığı 10-cu məktubda onun üzərində gedən məhkəmə prosesinin qapalı keçirilməsini tənqid edib. “OC Media” nəşrinin yazdığına görə, noyabrın 9-da yayılan məktubda o, bu addımı “kölgə ədaləti” adlandırıb, hakimiyyətin ictimai nəzarətdən qaçdığını iddia edib: “Hakimiyyətin qərarı qorxudan doğub və məqsədi prosesin “qaranlıqda” keçməsidir. Gizlədəcək heç nəyim yoxdur”.

Çirkli pulların yuyulması işi üzrə cəza çəkən Qaribaşvili barəsində avqustun 24-də yeni ittiham irəli sürülüb. Prokurorluq onu Baş nazir olduğu dövrdə qabaqcadan sövdələşmiş qrup tərkibində xüsusilə böyük məbləğdə rüşvət almaqda ittiham edir. Bu ittiham keçmiş Baş nazirin avqustdan etibarən hakim “Gürcü Arzusu” partiyasını və rəhbərliyini tənqid edən məktublar yaymağa başlamasından sonra gəlib. Qaribaşvili əvvəlki məktublarında törətmədiyi cinayəti boynuna almağa məcbur edildiyini yazıb.

O, oxşar ittihamlarla mühakimə olunan digər şəxslərin işlərinin açıq keçirildiyini iddia edərək bunu “ikili standart” adlandırıb. Qaribaşvili müdafiə tərəfinin bəzi sübutlara və iş materiallarına çıxışının məhdudlaşdırıldığını, qapalı iclasda hakimə psixoloji təzyiq və şantaj barədə məlumat verdiyini də yazıb.

Gürcüstanın Xalq Müdafiəçisi Aparatı bildirib ki, iddia olunan təzyiq və şantajla bağlı istintaq başladılıb-başladılmadığını öyrənmək üçün müvafiq orqanlara müraciət edəcək, məhkəmənin qapalı keçirilməsinin hüquqi əsaslarını da araşdıracaq. Qaribaşvili 2013-2015-ci və 2021-2024-cü illərdə Baş nazir, 2019-2021-ci illərdə müdafiə naziri olub.

Leave A Reply