Kreditdə yeni gəlir qaydası

Mərkəzi Bankın sədri Taleh Kazımovun sentyabrın 15-də imzaladığı qərar noyabrın 10-da qüvvəyə minib. Yeni qaydaya görə, borcalanın gəliri rəsmi sənədlərlə və ya dövlət informasiya sistemləri vasitəsilə müəyyən edilə bilirsə, banklar kredit verərkən davranış modeli əsasında proqnozlaşdırılan gəliri nəzərə ala bilməyəcək.

Qərarda rəsmi sübut kimi iş yerindən əməkhaqqı arayışı, təhsil müəssisəsindən təqaüd arayışı, sosial müdafiə qurumunun pensiya və müavinət arayışı, depozit faiz gəlirlərini təsdiq edən bank arayışı və gəliri göstərən digər sənədlər sadalanır. Dövlət informasiya ehtiyatlarından əldə olunan məlumatlar da eyni qaydada əsas götürüləcək.

Tələb noyabrın 10-dan sonra yaranan kredit öhdəliklərinə şamil edilir. Həmin gün qüvvəyə minən qərarda nisyə mal satışı ilə məşğul olan şirkət və fərdi sahibkarlara verilən kreditlər üçün də yeni meyar müəyyən olunur: onların nisyə satış portfelinin həcmi və alıcılarının sayı barədə banka verdiyi məlumatlar kredit bürolarındakı məlumatlarla 90 faizdən az uyğun gəlsə, belə kredit qeyri-qənaətbəxş aktiv sayılacaq.

Eyni qərarla davranış modeli üzrə verilən kreditlərin hesablanması da dəyişir. Trend agentliyinin yazdığına görə, 90 gündən çox gecikdirilmiş borcların hesabına son 12 ayda balansdan silinmiş kreditlər də daxil ediləcək. Bu göstərici kredit portfelinin 10 faizinə çatanda bank həmin model üzrə yeni kredit verməyi dayandırmalıdır. Beləliklə, banklar problemli kreditləri balansdan silməklə 10 faizlik həddi keçməkdən yayına bilməyəcək.

Leave A Reply