Fermerlərə vergi gəlir
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə görə, 2027-ci il yanvarın 1-dən kənd təsərrüfatı istehsalçılarının tam vergi azadlığı beş il müddətinə 90 faizlik güzəştlə əvəz ediləcək. 2001-ci ildən bəri aqrar sektor torpaq vergisi istisna olmaqla, gəlir, mənfəət, əlavə dəyər və sadələşdirilmiş vergidən tam azad idi.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib: “Layihəyə əsasən aqrar sahədə uzun illər tətbiq olunan 100%-lik tam vergi azadolması ləğv edilir və onu 2027-ci il yanvarın 1-dən 5 il müddətinə 90%-lik güzəşt mexanizmi əvəz edir. Yəni qısaca desək, istehsalçıların əldə etdiyi gəlir və ya mənfəətin yalnız 10%-i ümumi qaydada vergiyə cəlb olunacaq”. Onun sözlərinə görə, sadələşdirilmiş vergi üzrə azadolma daha beş il uzadılacaq, kökəltmə məqsədilə heyvan idxalı isə üç il ƏDV-dən azad olunacaq.
Meydan TV-nin yazdığına görə, kiçik fermerlər dəyişiklikdən narazıdır. Onlar deyir ki, tam vergi azadlığı ilə də məhsuldan kifayət qədər gəlir götürə bilmirdilər: istehsal xərcləri artır, keyfiyyətli gübrə və toxum, əkin-biçin vaxtı texnika tapmaq çətindir, su çatışmazlığı məhsuldarlığı salır, məhsul isə ucuz qiymətə alınır.
Sahibkar Vəli Əliyev Facebook-da yazıb ki, tam azadolma ləğv olunanda vergi orqanında uçotda olmayan kənd sakinlərinin satışına da 2 faizlik vergi tətbiq oluna bilər: “Kəndli həyətində bir neçə alma ağacı yetişdirib. Məhsulunu yığıb, 1000 manata tədarükçü müəssisəyə satır. Təklif edilən dəyişikliklərin qarşılıqlı tətbiqi nəticəsində həmin 1000 manatdan 20 manat vergi tutulması ehtimalı yaranır”. İqtisadçılar isə kiçik təsərrüfatlarda uçot sistemi olmadığını, gəlirin bəyan edilməsinin onlar üçün çətin prosedura çevriləcəyini deyir.


