“Wikimedia”ya 15 milyonluq cərimə

Moskvanın Taqanski Məhkəməsi noyabrın 10-da Vikipediyanı dəstəkləyən “Wikimedia” fondunu Rusiyada qadağan edilmiş məlumatı silmədiyinə görə dörd protokol üzrə 15,2 milyon rubl cərimələyib. Bu, təxminən 184 min dollardır. “İnterfaks” agentliyinin müxbirinin məlumatına görə, həmin gün eyni maddə ilə “Google” və “Telegram” 3,8 milyon rubl, “Apple” isə 3,5 milyon rubl cərimə olunub.

“Apple” ilə bağlı proses qapalı keçib. Agentlik yazır ki, şirkətin nümayəndələri iclasda xidmətin işinə aid məxfi məlumatların səslənə biləcəyini bildiriblər.

Şirkətlər Rusiya İnzibati Xətalar Məcəlləsinin internet resursu sahibinin qadağan olunmuş məlumatı silməməsini nəzərdə tutan maddəsi ilə cəzalandırılıb. Son illərdə iri internet xidmətləri, o cümlədən “Wikimedia”, bu maddə ilə dəfələrlə məsuliyyətə cəlb edilib. “İnterfaks”ın yazdığına görə, belə işlər narkotikin təbliği, intihar üsulları və Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatı” barədə “yalan məlumat” adlandırılan materialların silinməməsi ilə bağlıdır.

Leave A Reply