Hasina qayıdışa hazırlaşır

2024-cü ilin avqustunda kütləvi üsyanla hakimiyyətdən devrilib Hindistana qaçan Şeyx Hasina dekabrda Banqladeşə qayıtmağa hazırlaşır. “The Guardian”ın yazdığına görə, Britaniyalı vəkili noyabrın 9-da Banqladeşin yüksək komissarlığına məktub göndərərək yeni pasport və şəxsiyyət vəsiqəsi tələb edib. Sürgündəki Avami Liqası rəhbərləri Hasinanın qayıdacağına “əmin” olduğunu deyir.

Keçən ilin noyabrında Banqladeşdəki tribunal Hasinanı insanlığa qarşı cinayətlərdə təqsirli bilib və ölüm hökmü çıxarıb. İş təxminən 1 400 nəfərin öldüyü tələbə üsyanının yatırılması ilə bağlıdır. Hasina ittihamları və tribunalın legitimliyini rədd edir. O, bu həftə “Assoşieyted Press” agentliyinə elektron məktubla yazıb: “Əgər ölüm taleyimdirsə, öz ölkəmin torpağında, öz xalqımın arasında ölməyi üstün tuturam”.

Banqladeş hökuməti bildirib ki, “terrorçu” kimi Hasina yalnız Hindistanla ekstradisiya müqaviləsinə uyğun “qəbul edilən məhbus mübadiləsi” yolu ilə qayıda bilər. Tribunalın baş prokuroru isə onun açıqlamasını “siyasi şoudan başqa bir şey deyil” adlandırıb. Hindistan Dəkkanın ekstradisiya tələblərinə məhəl qoymayıb, bu da iki ölkə arasında münasibətləri gərginləşdirib.

Hasinanın Avami Liqası hələ də qadağandır, minlərlə üzvü həbsdədir. Partiyanın keçmiş deputatı Mustaq Əhməd Ruhi sentyabrda ölkəyə qayıdan kimi saxlanılıb. Analitiklərə görə, Hasina fevralda seçilən Baş nazir Tarik Rəhmanın hökumətini sarsıtmaq və tərəfdarlarını yenidən toplamaq istəyir.

“Al Jazeera”nın yazdığına görə, Banqladeşin Beynəlxalq Cinayətlər Tribunalı Hasinanın ölkəyə qayıdacağı təqdirdə edam ediləcəyini bildirib.

Leave A Reply