Neft 90 dollardan aşağı
“Brent” markalı neftin bir bareli noyabrın 10-u səhər təxminən 3 faiz ucuzlaşaraq 89,66 dollara enib. Bu, avqustun 31-dən bəri ən aşağı qiymətdir. Neft bir gün əvvəl də təxminən 6 faiz ucuzlaşmışdı. “The Guardian”ın yazdığına görə, səbəb ABŞ prezidenti Donald Trampın İran müharibəsinin sona yaxınlaşdığını və yeni zərbələrə ehtiyac görmədiyini deməsidir.
Azərbaycan neftinin qiyməti də kəskin enib. “Azeri Light” markalı neftin bir bareli İtaliyanın Auqusta limanında CIF əsasında 6,56 dollar və ya 6,1 faiz ucuzlaşaraq 100,9 dollara düşüb. Azərbaycan nefti bazarda “Brent”dən yüksək qiymətə satılır.
Avropa birjalarının əsas göstəricisi “Stoxx 600” 0,9 faiz artaraq 662,54 bəndə çatıb. Yanacaq xərclərinin azalacağı gözləntisi ilə aviaşirkət səhmləri bahalaşıb. “Lufthansa” 1,8 faiz, “Air France-KLM” 1,2 faiz qalxıb. Londonda ən çox ucuzlaşan səhmlər neft şirkətləri “BP” və “Shell”in payına düşüb.
“Capital.com” ticarət platformasının analitiki Daniela Hatorn deyib ki, bazarlar geosiyasi vəziyyətin yaxşılaşmasından faydalanır, amma makroiqtisadi risklər aradan qalxmayıb. Tramp isə noyabrın 9-da Ağ Evdə hərbi əməliyyatın “o qədər də zəruri görünmədiyini”, amma ABŞ-nin hazır vəziyyətdə olduğunu bildirmişdi. Hörmüz boğazı ətrafındakı gərginlik isə davam edir, Tehran danışıqların getdiyi barədə xəbərləri təkzib edir.


