Rusiyada kəsir plandan çoxdur
Rusiya federal büdcəsi bu ilin yanvar-oktyabr aylarında ilkin məlumata görə 5,234 trilyon rubl, yəni ümumi daxili məhsulun 2,3 faizi həcmində büdcə kəsiri ilə icra olunub. Maliyyə Nazirliyinin aylıq məlumatına görə, ötən ilin eyni dövründə kəsir 3,942 trilyon rubl olmuşdu.
Büdcə qanununda bütün il üçün kəsir 3,786 trilyon rubl, yəni ÜDM-in 1,6 faizi kimi nəzərdə tutulmuşdu. Sentyabrda nazirlik illik proqnozu 7,345 trilyon rubla, yəni ÜDM-in 3,2 faizinə qaldırıb. “İnterfaks” agentliyinin hesablamasına görə, təkcə oktyabrda kəsir 48 milyard rubl olub.
Büdcə gəlirləri on ayda 11 faiz artaraq 33,176 trilyon rubla çatıb. Neft-qazdan kənar gəlirlər 26,734 trilyon rubl olub, əlavə dəyər vergisindən daxilolmalar 27,8 faiz artıb. Neft-qaz gəlirləri isə 14,1 faiz azalaraq 6,442 trilyon rubl təşkil edib. Nazirlik bunu dolların orta məzənnəsinin enməsi və neft məhsullarının dünya qiymətlərinin sürətlə artması ilə bağlı kompensasiya ödənişlərinin çoxalması ilə izah edir.
Xərclər isə on ayda 13,4 faiz artaraq 38,41 trilyon rubla çatıb. Nazirlik bildirib ki, kəsirin maliyyələşdirilməsinə əlavə mənbələr, o cümlədən 3 trilyon rubladək vəsait cəlb oluna bilər.


