Rusiya ordusunda əcnəbi itkilər

Rusiyanın Ukraynaya qarşı müharibəsində Rusiya ordusu tərəfindən vuruşan 11 335 əcnəbinin ölümü Rusiyanın statistika xidməti Rosstatın məlumat bazasında qeydə alınıb. “Bloomberg” agentliyinin noyabrın 11-də yaydığı araşdırmaya görə, söhbət Rusiyadan kənarda doğulan və ya başqa dövlətin vətəndaşlığı olan, məcburiyyət, aldatma və ya pul vədi ilə müharibəyə cəlb edilən insanlardan gedir.

Məlumatlar 11 milyondan çox ölüm qeydini, vətəndaşlıq, doğum yeri və ölüm şəraiti barədə əlavə məlumatları əhatə edən Rosstat bazasından götürülüb. Bazaya Belarusun “Kiberpartizanlar” və Ukraynanın “Silent Crow” haker qrupları daxil olub, materialları jurnalistlərə veriblər. Rosstat kiberhücumu təsdiqləsə də, məlumatların sızdığını rədd etmişdi. Ölümün müharibə ilə bağlılığı sənədlərdəki “xüsusi hərbi əməliyyat”, “atəş”, “dron” kimi ifadələrə və xüsusi kodlara görə müəyyən edilib. 2022-ci il fevralın 24-dən 2026-cı ilin avqust ayının sonunadək olan qeydlər nəzərə alınıb.

“Deutsche Welle”nin “Bloomberg”ə istinadla yazdığına görə, ölən əcnəbilərin böyük hissəsi keçmiş sovet respublikalarındandır, onların arasında Qazaxıstan və Mərkəzi Asiya ölkələrinin vətəndaşları öndədir. Təxminən 3700 nəfər Ukrayna vətəndaşı olub və ya müstəqillikdən sonra Ukraynada doğulub, onların əksəriyyəti Rusiyanın işğal etdiyi şərq və cənub ərazilərində yaşayıb. Rusiya pasportu almış Mərkəzi Asiyalı miqrantlar da birbaşa Rusiya şəhərlərində orduya aparılıb. Təxminən 340 ölü Afrika ölkələrindən, əsasən Misir, Kamerun, Nigeriya, Keniya və Qanadandır, onların çoxu 2025-2026-cı illərdə ölüb. 2023-2024-cü illərdə Nepal, 2024-2025-ci illərdə Şri-Lanka və Çin vətəndaşlarının, 2025-ci ilin sonundan isə Kolumbiya, Keniya və Nigeriya vətəndaşlarının ölümü artıb.

Bu rəqəmlər əcnəbi itkilərin tam miqyasını göstərmir: statistikada, xüsusən 2026-cı il üzrə boşluqlar var, bəzi meyitlər döyüş meydanında qalır, bəzi hərbçilər itkin sayılır. Rusiyanın tərəfində vuruşan Şimali Koreya hərbçiləri də bu bazaya düşməyib. 2022-ci ildə Rosstat 630 belə ölüm qeydə alıbsa, 2025-ci ildə bu rəqəm 5500-ü keçib. “Bloomberg”ə görə, Rusiya müharibəyə təxminən 100 ölkənin vətəndaşını cəlb edib. Keniya və Qana hakimiyyəti Moskvadan vətəndaşlarının aldadılaraq hərbi xidmətə cəlb edilməsini dayandırmağı tələb edib, Cənubi Afrika və Botsvana isə vətəndaşlarını rus verbovkaçılarının təkliflərini qəbul etməməyə çağırıb.

Leave A Reply