Uşaqların aparılması soyqırımdır
Avropa Parlamenti noyabrın 12-də Brüsseldə qəbul etdiyi qətnamədə Rusiyanın ukraynalı uşaqlara qarşı hərəkətlərinin soyqırımın hüquqi tərifinə uyğun gəldiyini bildirib və Avropa İttifaqı ölkələrini bunu rəsmən soyqırım kimi tanımağa çağırıb. “Deutsche Welle”nin yazdığına görə, qətnaməyə 536 deputat lehinə, 8 deputat əleyhinə səs verib, 37 deputat bitərəf qalıb.
Deputatlar BMT-nin Soyqırım Konvensiyasının II maddəsinin “e” bəndinə istinad ediblər. Bu bənd uşaqların bir milli, etnik, irqi və ya dini qrupdan başqasına zorla verilməsini, bu, həmin qrupu tam və ya qismən məhv etmək niyyəti ilə edildikdə, soyqırım aktı sayır. Qətnamədə ukraynalı uşaqların sistemli deportasiyası və zorla köçürülməsi, qanunsuz övladlığa verilməsi və zorla ruslaşdırılması pislənib. Deputatlar uşaqların qaytarılmasının ərazi güzəştləri və ya əsir mübadiləsi ilə bağlanmamasını tələb ediblər.
Avropa Parlamenti ukraynalı uşaqları övladlığa təklif edən onlayn kataloqların dərhal bağlanmasını, Rusiya və Belarusdan aparılan uşaqların kimliyi, olduğu yer, sağlamlığı və hüquqi statusu barədə tam məlumat verməyi, Qırmızı Xaç, UNİCEF və digər müstəqil təşkilatlara uşaqlara maneəsiz çıxış imkanı yaratmağı tələb edib. Qətnamədə işğal olunmuş ərazilərdə uşaqlara silah və dron işlətməyin öyrədilməsi, onların “Yunarmiya” hərbi-vətənpərvərlik hərəkatına cəlb edilməsi də pislənib.
Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas noyabrın 11-də parlamentdəki müzakirədə uşaqların Rusiyaya aparılmasının Vladimir Putinin şəxsən təsdiqlədiyi hökumət siyasəti olduğunu deyib. Onun məlumatına görə, Rusiya 20 500-dən çox ukraynalı uşağı qanunsuz deportasiya edib. Kallas Rusiyanın qaçırılan uşaqları artıq Ukraynaya qarşı vuruşmağa göndərə biləcəyini də istisna etməyib. Moskva uşaqları müharibə bölgəsindən təxliyə etdiyini bildirir və deportasiya ittihamlarını rədd edir.


