Yaqublunun ailəsi narahatdır
Tofiq Yaqublunun qızı Nigar Həzi bildirir ki, atasının saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsində ona qarşı təzyiqlər artıb. Həzi bu barədə noyabrın 12-də sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, Tofiq Yaqublu noyabrın 10-da görüş zamanı ailəsinə təzyiqlərin Penitensiar Xidmətə Sahib Rzayevin yeni rəis təyin olunmasından sonra başladığını deyib.
Həzi yazır ki, görüş günü məsələni ictimailəşdirməməyə qərar verib və təzyiqlərin səngiyəcəyinə ümid edib, amma atasının bu gün evə zəng etməməsi ailəni ciddi narahat edib: “Bu gün atanın evə zəng etməməsi bizdə ciddi narahatlıq, onun başına nəsə gəldiyi ehtimalını yaradır”. Onun sözlərinə görə, həbsxanada yarımqapalı rejim, antisanitariya və davamlı təzyiqlər var.
Nigar Həzi atasına qarşı təzyiqlərin siyasi sifarişlə edildiyini, bunun Prezident Administrasiyasından qaynaqlandığını iddia edir, Penitensiar Xidmətin yeni rəisi Sahib Rzayevi də məsul tutur. Rzayev oktyabrın 27-də prezident İlham Əliyevin sərəncamı ilə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi təyin olunub. Penitensiar Xidmət iddialarla bağlı hələlik açıqlama verməyib.
Müxalif siyasətçi Tofiq Yaqublu 2023-cü ilin dekabrında saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi 2025-ci il martın 10-da onu külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlamaq ittihamları ilə 9 il həbs cəzasına məhkum edib. Yaqublu ittihamları qəbul etmir və həbsini siyasi motivli sayır. Hökm apellyasiya və kassasiya instansiyalarında qüvvədə saxlanılıb, Ali Məhkəmə 2026-cı il aprelin 2-də kassasiya şikayətini təmin etməyib. Yaqublu 2025-ci ildə həbsxanada aclıq aksiyası keçirib, 2026-cı ilin martında vəkili onun qısa müddətdə ciddi çəki itirdiyini bildirib.


