Daşkənddə hicab tələbi

Daşkənddəki Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetində hicab taxan tələbə qızlardan baş örtüyünü çıxarmaq tələb olunub. Azadlıq Radiosunun Mərkəzi Asiya xidməti “Azattyq Asia” bu barədə sosial şəbəkələrdə yayılan videoya istinadla yazıb. Sosial şəbəkələrdəki məlumata görə, söhbət oktyabrın 13-də olub.

Videoda bir neçə qızın dəhlizdə universitet əməkdaşlarının qarşısında dayandığı görünür. Müəllimlərdən biri tələbələrə deyir: “Bunu sizə demək bizim üçün də xoş deyil, amma etika, intizam və müəyyən edilmiş qaydalar var”. Videoda tələbələr hicabı çıxarmasalar, nə ilə üzləşəcəkləri barədə heç nə deyilmir.

Özbəkistan Milli Universitetində rəhbərlik videoya hələlik rəsmi münasibət bildirməyib, universitetin saytında da bununla bağlı izahat yoxdur.

Oxşar hadisə 2021-ci ilin aprelində də olmuşdu. Həmin vaxt universitetin Jurnalistika fakültəsinin dekan müavini Rövşən Omonov tələbə qızlara dərsə hicabla gəlməyin qadağan olduğunu demiş, narazı qalanlara başqa universitetə keçməyi təklif etmişdi. Video geniş rezonans doğurandan sonra Omonov sadəcə profilaktik söhbət apardığını və sözlərinin tövsiyə xarakteri daşıdığını bildirmişdi. Özbəkistanın Ali və Orta İxtisas Təhsili Nazirliyi isə baş örtüyü qadağası barədə heç bir göstəriş vermədiyini açıqlamışdı.

Leave A Reply