Qazaxıstanda iri korrupsiya işi
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi (MTK) ölkənin ən böyük dövlət fondu olan “Samruk-Kazına”nın idarə heyətinin sədri Nurlan Jakupovu və “Qazaxıstan Dəmir Yolları” (KTJ) milli şirkətinin rəhbəri Yeljas Otınşiyevi saxlayıb. MTK-nın mətbuat xidmətinin açıqlamasına görə, onlar noyabrın 11-də komitənin Korrupsiyaya Qarşı Mübarizə Xidməti tərəfindən “korrupsiya cinayəti törətməkdə şübhəli bilinən digər şəxslərlə” birlikdə saxlanılıb.
MTK istintaq hərəkətlərinin aparıldığını bildirib, Cinayət-Prosessual Məcəlləyə istinad edərək məhkəməyəqədər araşdırma barədə başqa məlumat verməyib. Saxlanılanlar ittihamlarla bağlı hələlik açıqlama verməyib. “İnterfaks”ın yazdığına görə, sosial şəbəkələrdə Astananın mərkəzində yaşayış kompleksinin pəncərəsindən dollar paçkaları ilə dolu çamadan və çantaların atıldığı, polisin ərazini mühasirəyə aldığı videolar yayılıb. Qazaxıstanın bəzi mediası bu hadisəni saxlanılmalarla əlaqələndirir.
Jakupov 2025-ci ildən “Samruk-Kazına”ya rəhbərlik edir. Fond Qazaxıstanın neft-qaz, nəqliyyat-logistika və energetika şirkətləri daxil olmaqla ən iri strateji aktivlərini idarə edir. Fondun tərkibindəki “KazMunayQaz” qrupuna daxil olan “KazTransOil” Qazaxıstan neftinin ixrac kəmərlərini işlədir, şirkətin Rusiya limanları ilə bağlı son rəqəmləri Ust-Luqa limanı barədə yazımızdadır. Otınşiyev KTJ-yə 2026-cı ilin iyulunda rəhbər təyin olunub, bundan əvvəl 2023-cü ilin aprelindən “Samruk-Kazına”nın idarə heyətinin üzvü olub. Ölkənin dəmir yolu şəbəkəsini idarə edən KTJ-nin yeganə səhmdarı “Samruk-Kazına”dır, şirkət 2026-cı ildə birjaya çıxmağı planlaşdırırdı.


