“Meclis.info işi”ndə hökm
Bakı Ağır Cinayətlər Məhkəməsi noyabrın 12-də “Meclis.info işi” üzrə hökm çıxarıb. Hakim Roman Ələkbərlinin sədrlik etdiyi iclasda parlamenti izləyən “Meclis.info” platformasının rəhbəri İmran Əliyev 10 il, ictimai fəal Elgiz Qəhrəman 9 il həbs cəzası alıb. İş üzrə üçüncü təqsirləndirilən Tamella Musayevaya 4 il sınaq müddəti ilə 8 il şərti cəza verilib.
“Abzas Media”nın məhkəmə reportajına görə, istintaq və məhkəmə dövründə polis nəzarətində olan Elgiz Qəhrəman hökm elan edilən kimi məhkəmə zalında həbs olunub. Məhkəmə onun əvvəllər də məhkum olunduğunu nəzərə alaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verib. Noyabrın 2-də dövlət ittihamçısı İmran Əliyevin 12, Elgiz Qəhrəmanın 11, Tamella Musayevanın 10 il həbsini istəmişdi.
Müdafiə tərəfi hər üç şəxsə bəraət verilməsini istəyib. İmran Əliyevin vəkili Rəsul Cəfərov 17 cildlik işdə cinayət əməlinə dəlalət edən sübut olmadığını deyib. Onun sözlərinə görə, istintaq Əliyevin xarici səfərlərini və evindən 7700 dollar tapılması iddiasını qaçaqmalçılığa dəlil kimi təqdim edib, qeydiyyatsız qrant almaq isə cinayət yox, inzibati xətadır. Elgiz Qəhrəmanın vəkili Pərviz Hacıyev müvəkkilinin qaçaqmalçılıq ittihamı üzrə bir dənə də olsun sübut görmədiklərini bildirib. Tamella Musayevanın vəkili Nurlan Məmmədov deyib ki, o, platformaya 6-7 ay mühasib kimi xidmət göstərib.
Vəkil Rəsul Cəfərov İmran Əliyevin həbsini 2023-cü ilin noyabrında media və vətəndaş cəmiyyətinə qarşı başlayan həbs dalğası ilə əlaqələndirir. Onun sözlərinə görə, Əliyevə əvvəlcə “Abzas Media” əməkdaşları ilə mütəşəkkil dəstə ittihamı verilib, sonra iş ayrılıb. Hüquq müdafiəçiləri həbs olunanları siyasi məhbus sayır, hakimiyyət isə ölkədə siyasi səbəbdən həbs olmadığını bildirir.


