Dublində Əliyev-Paşinyan görüşü
Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Avropa Siyasi Birliyinin 9-cu sammiti çərçivəsində görüşüblər. Ermənistan tərəfinin yaydığı məlumata görə, liderlər 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan birgə bəyannamə əsasında sülh gündəliyini irəlilətmək barədə fikir mübadiləsi aparıblar.
Görüşdə nəqliyyat və tranzit əlaqələri, iqtisadi və ticari münasibətlər, sərhəd delimitasiyası və etimad tədbirləri müzakirə olunub. Liderlər “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsinin, o cümlədən onun dəmir yolu və avtomobil yolu hissələrinin layihələndirilməsində irəliləyişi də müzakirə ediblər.
Açıqlamaya görə, Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan yük tranzitinə müsbət hadisə kimi baxılıb: ötən ilin noyabrından bəri Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb. Tərəflər iki ölkənin elektrik şəbəkələrinin yaxın vaxtda birləşdirilməsi daxil olmaqla iqtisadi əlaqələrin inkişafını, ekoloji və transsərhəd su əməkdaşlığını müzakirə edib, transsərhəd çayların idarə olunması üzrə işçi qrupların yaradılmasını alqışlayıblar.
Həmin gün Ermənistan parlamenti TRIPP layihəsini həyata keçirəcək şirkətin yaradılması üçün qanun paketini qəbul edib. Azərbaycan və Ermənistan arasında sülh sazişi isə hələ imzalanmayıb: Bakı imza üçün Ermənistan konstitusiyasından özünə qarşı ərazi iddiası saydığı müddəanın çıxarılmasını şərt kimi qoyur.


