Şəmşad Ağa əməliyyat gözləyir
“Meydan TV işi” üzrə həbsdə olan jurnalist, “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın (Ağayev) qardaşı onun səhhətinin ağırlaşdığını və təcili əməliyyata ehtiyacı olduğunu deyir. Qardaşı bu barədə “Meydan TV”yə məlumat verib. Onun sözlərinə görə, jurnalistin öd kisəsində ölçüsü 9-10 millimetr olan daş aşkarlanıb, o, tez-tez kəskin ağrı tutmalarından əziyyət çəkir.
Ailənin dediyinə görə, həkim müayinəsindən sonra daşın cərrahi yolla çıxarılması zəruri sayılıb. Amma Penitensiar Xidmətin müalicə müəssisəsində ailəyə jurnalistin yalnız öz hesabına əməliyyat oluna biləcəyi bildirilib. “Qardaşım Şəmşad Ağanın sağlamlıq vəziyyətindən ciddi narahatıq və əməliyyatın gecikdirilməməsini istəyirik”, - qardaşı deyib. Penitensiar Xidmət hələlik açıqlama verməyib.
Şəmşad Ağanın səhhəti ilə bağlı bundan əvvəl də məlumatlar yayılıb. 2025-ci ilin sentyabrında yaxınları onun mədə xorasına görə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirildiyini bildirmişdilər, 2026-cı il oktyabrın 13-də isə o, 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb. Noyabrın 2-də “Amnesty International” insan haqları təşkilatı həbsdəki “Meydan TV” jurnalistləri Şəmşad Ağa, Aynur Elgünəş və Aytac Tapdığın lazımi tibbi yardım almadığını bildirib, onların azad edilməsini tələb edib.
Eyni işdə həbsdə olan “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş noyabrın 12-də böyrək əməliyyatı olunub; vəkilləri ondan əvvəl həftələrlə əməliyyatın gecikdirildiyini deyirdi. Şəmşad Ağa 2025-ci il fevralın 5-də saxlanılıb. Ona əvvəlcə qaçaqmalçılıq ittihamı verilib, sonra ittihamlar ağırlaşdırılıb. Jurnalist ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.


